Az | EN

Tarixi görüş: Bill Gates və Linus Torvalds illər sonra ilk dəfə görüşdülər

Nigar Sultanli
24 İyun 2025 11:14
76 baxış
Tarixi görüş: Bill Gates və Linus Torvalds illər sonra ilk dəfə görüşdülər

ABŞ-də Microsoft-un həmtəsisçisi Bill Gates və Linux nüvəsinin yaradıcısı Linus Torvalds ilk dəfə görüşüblər. The Verge-in məlumatına görə, texnologiya dünyasının bu iki tanınmış simasının indiyədək bir araya gəlməməsi təəccüblü hesab olunur.

Görüş Microsoft-da baş texniki direktor və Sysinternals platformasının həmtəsisçisi Mark Russinovich-in təşkil etdiyi şam yeməyi zamanı baş tutub. Görüş rəsmi xarakter daşımayıb və hər hansı texniki qərar qəbul olunmayıb. Lakin texnoloji ictimaiyyət bu cür görüşlərin gələcək əməkdaşlıqlar üçün zəmin yarada biləcəyini düşünür.

Mütəxəssislər Gates və Torvaldsı illərdir bir-birinə zidd texnoloji və fəlsəfi baxışlara sahib şəxslər kimi qiymətləndirirlər. Microsoft-un həmtəsisçisi olan Gates proqram təminatının kommersiyalaşdırılmasının tərəfdarı kimi tanınır. Digər tərəfdən, Torvalds açıq mənbə fəlsəfəsini müdafiə edir və proqram təminatında şəffaf və kollektiv inkişaf modelini əsas götürür.

Torvalds texnoloji mühitdə sərt çıxışları və fikirləri ilə seçilir. O, həmkarlarına qarşı sərt tənqidləri, süni intellektin inkişafını isə əksər hallarda marketinq addımı kimi qiymətləndirməsi ilə tanınır. 2018-ci ildə şəxsi münasibətlərdəki yanaşmasına görə Linux-un inkişafından müvəqqəti uzaqlaşmış, həmin dövrdə sonradan geniş yayılmış versiya idarəetmə sistemi olan Git-i yaratmışdı.

Bu görüş texnologiya sahəsində müxtəlif yanaşmaları təmsil edən iki nüfuzlu şəxsiyyətin ilk dəfə bir araya gəlməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Onların gələcəkdə hansı istiqamətdə fikir mübadiləsi aparacağı və ya əməkdaşlıq edəcəyi hələlik məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az