21-22 oktyabr 2023-cü il tarixlərində İsveçin Bakıdakı Səfirliyi KTH Kral Texnologiya İnstitutu, İsveç İnstitutu və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi ilə birlikdə Bakı, Tərtər, Horadiz və Ağcəbədinən olan 11-15 yaş arası 30 məktəbli qız üçün TEKLA Təlim və Dialoq tədbiri (TEKLA Workshop and Dialogue) təşkil etmişdir.
“Bilim Bakı” mərkəzi, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və STEAM İnnovasiya Mərkəzində baş tutan iki günlük tədbirin əsas məqsədi daha çox yeniyetmə qızları əyləncəli və yaradıcı platforma vasitəsi ilə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahəsinə cəlb etməkdir.
Təlim zamanı məktəbli qızlar “Bilim Bakı” və STEAM İnnovasiya Mərkəzlərinin qadın ekspertləri ilə tanış olmaq, robotlar, kodlaşdırma və texnologiyadan istifadənin müxtəlif üsulları haqqında öyrənmək imkanı əldə etmişdir.
Tədbirin ikinci hissəsində valideynlər, texnologiya sahəsində fəaliyyət göstərən qadın ekspertlər, biznes, elm, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirak etdiyi panel müzakirəsi keçirildi. Texnologiya sektorunda qadınların zəif təmsilçiyinə toxunan panel məruzəçiləri bu sektorda daha çox qız və qadının iştirakının və səlahiyyətlərinin artırılması yollarını müzakirə etdilər. Qeyd olundu ki, bu gün dünyada daha çox qız məktəbə getsə də, onlar hələ də STEM sahəsində əhəmiyyətli dərəcədə az təmsil olunur və biz təcili olaraq gender fərqini aradan qaldırmalı və STEM sahələrində gender bərabərliyini fəal şəkildə təbliğ etməliyik.
İsveçli qonaq məruzəçi, “Vegan Delights Sweden” şirkətinin baş direktoru və təsisçisi Anahita Vazvan qida sektorunda gənc iş qadını olmaq təcrübəsini və beynəlxalq müştərilərin və satışların idarə edilməsində texnologiyanın roluna dair düşüncələrini bölüşdü.
Tədbirin sonunda məktəbli qızlara sertifikatlar paylanıldı.