ABŞ ilə Çin arasında əldə edilən mühüm razılaşma nəticəsində TikTok-un ABŞ-dəki fəaliyyətlərinin qadağan edilməsi təhlükəsi aradan qalxıb. Razılaşmaya əsasən, növbəti 90 gün ərzində TikTok-un ABŞ əməliyyatları Çinin "ByteDance" startapından ayrılaraq, amerikalı investorların nəzarətinə keçəcək.
Bu qərar, ABŞ-də 170 milyondan çox istifadəçisi olan TikTok-un bağlanma ehtimalını müvəqqəti olaraq aradan qaldırdı. Əvvəllər Trampın üç dəfə təxirə saldığı məcburi satış qərarı bu yeni uzlaşma sayəsində dayandırılıb.
Ağ Evdə keçirilən brifinqdə Tramp, "TikTok ilə bir razılaşmamız var... Onu almaq istəyən çox böyük şirkətlərdən ibarət bir qrupumuz var," desə də, əlavə təfərrüatlar açıqlamayıb. Bu açıqlama, tətbiqin satışı və ya qadağan edilməsi üçün qoyulan son tarixdən, yəni 17 sentyabr tarixindən bir gün əvvəl verilib.
Razılaşmaya əsasən, “ByteDance” TikTok-un ABŞ-dəki aktivlərini təhvil verməsi üçün 90 gün əlavə vaxt tanınıb. Şirkət bu prosesi 16 dekabr tarixinədək başa çatdırmalıdır. “Wall Street Journal” qəzetinin məlumatına görə, yeni qurulacaq ABŞ təşkilatının idarə heyətində amerikalı üzvlər üstünlük təşkil edəcək və bir üzv də ABŞ hökuməti tərəfindən təyin olunacaq.
ABŞ rəhbərliyi uzun müddətdir ki, istifadəçi məlumatlarının qorunması və tətbiqin alqoritminə nəzarət ilə bağlı ciddi təhlükəsizlik narahatlıqları dilə gətirirdi. Yeni razılaşmanın bu narahatlıqları aradan qaldıracağı gözlənilir.
Anlaşmanın rəsmiləşməsi üçün ABŞ prezidenti Donald Tramp ilə Çin dövlət başçısı Si Cinpin arasında cümə günü keçiriləcək telefon danışığında təsdiqlənməsi planlaşdırılır. Bu addımla, TikTok-un ABŞ bazarındakı mövcudluğu təminat altına alınsa da, məlumatlara nəzarət və alqoritm paylaşımı kimi kritik mövzular tərəflər arasında müzakirə edilməyə davam edəcək.