Az | EN

TikTok Yaponiyanın e-ticarət bazarına daxil olmağa hazırlaşır

Nigar Sultanli
28 Aprel 2025 09:51
62 baxış
TikTok Yaponiyanın e-ticarət bazarına daxil olmağa hazırlaşır

Çin sosial media platforması TikTok yaxın aylarda Yaponiyada onlayn alış-veriş sahəsinə daxil olmağı planlaşdırır. Məlumata görə, TikTok artıq Yaponiyada e-ticarət bölməsi olan "TikTok Shop" üçün satıcıların cəlb edilməsinə hazırlaşır. "Nikkei"nin adını açıqlamadığı əməliyyatlarla əlaqəli mənbəyə istinadən verdiyi xəbərə görə, şirkət bu məqsədlə yeni tərəfdaşlar axtarır. 

" TikTok Shop" istifadəçilərə müxtəlif məhsulları – idman ayaqqabılarından tutmuş makiyaj vasitələrinə qədər – canlı yayımlar vasitəsilə satmağa və satışlardan komissiya qazanmağa imkan verir. Platforma əsasən endirimli məhsulları ilə tanınır.

Hazırda TikTok, ABŞ-dəkı mövcudluğunu təmin edəcək razılaşmanı gözlədiyi bir vaxtda, biznesini digər bazarlarda genişləndirməyə çalışır. Mart ayında şirkət "TikTok Shop" xidmətini Fransa, Almaniya və İtaliya istifadəçilərinin istifadəsinə təqdim edərək Avropa bazarına da daxil olub.

Donald Tramp ötən həftə TikTok-un taleyi ilə bağlı qərarın gecikə biləcəyini bildirib və ABŞ-Çin arasındakı qarşılıqlı tarif artımı siyasətinin sonlana biləcəyinə işarə edib. Xatırladaq ki, 2024-cü ildə ABŞ-da qəbul edilən və geniş siyasi dəstəyə malik olan qanuna əsasən, TikTok-un Çin mənşəli ana şirkəti ByteDance, platformanın ABŞ aktivlərini 2025-ci il yanvarın 19-dək satmalı idi.

© copyright 2022 | tech.az | info@tech.az