Tramp Apple şirkətinə qarşı fərdi vergi tətbiq etmək niyyətində olduğunu bəyan edib. Səbəb isə Apple-ın iPhone istehsalını ABŞ ərazisinə keçirməməsidir. 2024-cü maliyyə ili üzrə Apple-ın vergidən əvvəlki ümumi mənfəəti 123,5 milyard dollar təşkil edib. Trampın təklif etdiyi 25%-lik əlavə vergi isə şirkət üçün təxminən 30 milyard dollarlıq zərər deməkdir.
Qeyd olunmalıdır ki, texnoloji məhsulların satış həcmi mövsümi olaraq dəyişdiyindən, illik vergi yükü bəzi rüblərdə əldə edilən xalis mənfəəti ikiqat aşa bilər.
Nüfuzlu analitik Min-Çi Kuo bildirir ki, Apple üçün istehsalı Hindistanda davam etdirib Trampa 25% vergi ödəmək, istehsal zəncirini tam şəkildə ABŞ-yə köçürməkdən daha sərfəlidir. Çünki prezidentlik müddəti ərzində bu cür miqyaslı relokasiya texniki cəhətdən mümkün deyil.
Lakin Apple üçün əsas təhlükə verginin məbləğindən çox, ABŞ prezidentinin konkret olaraq bir şirkəti hədəf seçməsi və hakimiyyətdə olduğu müddətdə ondan əl çəkməyəcəyini göstərməsidir.
Şirkət artıq ABŞ infrastrukturuna 500 milyard dollar investisiya yatırıb, TSMC-nin Arizonada inşa etdiyi zavodda çip istehsalına başlamağa razılıq verib və Meksikadakı bəzi istehsal sahələrini ABŞ-a köçürməyi vəd edib. İndi isə Apple, bu addımlarına baxmayaraq, fərdi vergi ilə cəzalandırılan ilk texnologiya şirkəti ola bilər.