Donald Trampın genişmiqyaslı deportasiya kampaniyasında istifadə olunan "GlobalX" hava yolları şirkəti haker hücumuna məruz qalıb. Məlumata görə, hücum nəticəsində şirkətin rəsmi vebsaytı dəyişdirilib və hakerlər ələ keçirdikləri məlumatları ictimaiyyətlə bölüşüblər. Hücumun arxasında məşhur haktivist qrup "Anonymous"la əlaqəli şəxslərin dayandığı iddia olunur.
Hakerlər açıqlamalarında Tramp administrasiyasının Salvador vətəndaşlarının qanunsuz deportasiyası ilə bağlı bir neçə məhkəmə qərarını icra etmədiyini qeyd edərək, bu qərarları öz adlarından “icra etdiklərini” bildiriblər: “Sən və yaltaq heyətin faşist planlara qarşı çıxan qanuni məhkəmə qərarlarını görməzlikdən gəldiyiniz üçün ‘Anonymous’ qərarın icrasını öz üzərinə götürüb.”
Qeyd edək ki, ABŞ məhkəmələri Tramp administrasiyasının Salvador vətəndaşlarını qanunsuz şəkildə deportasiya etdiyini müəyyən edərək onların geri qaytarılması ilə bağlı qərar vermişdi.
GlobalX şirkəti məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.