Az | EN

Türk startapı “Diştedavim” 440 min dollar investisiya əldə edib

Nigar Sultanli
16 Sentyabr 2025 16:50
38 baxış
Türk startapı “Diştedavim” 440 min dollar investisiya əldə edib

Diş həkimlərinin işini asanlaşdıran həllər təklif edən “Diştedavim” startapı, Dubay mərkəzli “Casta Healthcare” şirkətinin rəhbərliyi ilə keçirilən maliyyələşmə mərhələsində 15 milyon dollarlıq dəyərlənmə əsasında 440 min dollar pul vəsaiti cəlb edib. Bu mərhələyə həmçinin layihənin əvvəlki dəstəkçilərinin bir hissəsi də qatılıb.

2022-ci ilin may ayında Efe Çelebi tərəfindən qurulan “Diştedavim” startapı, diş klinikalarının qəbul, ödəniş və müştəri idarəetmə proseslərini rəqəmsal platformaya daşıyır. Platforma müştərilər üçün onlayn qəbul və taksitli ödəniş imkanları təklif edir, klinikalara isə rəqəmsal yollarla yeni müştəriləri cəlb etmək və idarə etmək üçün əsas vasitələr təmin edir.

Yarandığı gündən bəri 70 milyon dollardan çox dental ödənişə vasitəçilik edən startap, bu yeni maliyyə dəstəyindən süni intellekt (Sİ) texnologiyalarını daha geniş tətbiq etmək və “dentalprices” və “dtPAY” brendlərinin beynəlxalq bazarlara çıxışının ilk mərhələsinə başlamaq üçün istifadə etməyi planlaşdırır.

Əldə edilən pul vəsaitindən sonra “Diştedavim”-in qurucusu Efe Çelebi öz fikirlərini bölüşərək deyib: “Bu dəstək bizim üçün sadəcə maliyyə yox, qlobal hədəflərimizə doğru atılan mühüm bir başlanğıcdır. Türkiyədə qurduğumuz güclü infrastrukturla əldə etdiyimiz təcrübəni indi beynəlxalq bazarlara daşımağın vaxtıdır. Casta Healthcare kimi strateji bir tərəfdaşla bu yolda irəliləmək bizim üçün böyük bir fürsətdir.”

Qeyd edək ki, “Diştedavim” fəaliyyətini genişləndirmək məqsədilə son olaraq 2023-cü ilin sentyabr ayında 12 milyon dollarlıq dəyərlənmə ilə 340 min dollarlıq maliyyə dəstəyi almışdı.

© copyright 2022 | tech.az | info@tech.az