Az | EN

Türk süni intellekt startapı Eloquent AI 7.4 milyon dollar investisiya əldə edib

Nigar Sultanli
11 Sentyabr 2025 11:12
164 baxış
Türk süni intellekt startapı Eloquent AI 7.4 milyon dollar investisiya əldə edib

Tuğçe Bulutun həmtəsisçisi olduğu Eloquent AI startapı, toxum mərhələsində 7.4 milyon dollarlıq investisiya əldə edib. Startap, maliyyə sektoruna xüsusi olaraq hazırlanmış süni intellekt operatoru ilə müştəri xidmətləri proseslərini tam avtomatlaşdırmağı hədəfləyir.

Foundation Capital-ın rəhbərlik etdiyi investisiya turuna EJF Ventures, Duke Capital Partners, Logo Ventures, MTV, Eight Capital, Multimodal Ventures, Pioneer Fund, Davidovs VC, Vento Ventures, Founders Capital və Y Combinator kimi tanınmış adlar da qoşulub.

Tuğçe Bulut LinkedIn hesabında verdiyi məlumata görə, Y Combinator təqdimatından sonra 1200-dən çox investor onlarla əlaqə saxlayıb və investisiya turu cəmi üç gün ərzində tamamlanıb. O, həmçinin turun gözləniləndən 12 dəfə daha böyük iştirakla reallaşdığını qeyd edib.

Eloquent AI-ın platforması, maliyyə sektorunda fırıldaqçılığın aşkarlanması, mübahisələrin idarə edilməsi və KYC/AML (müştərinizi tanıyın / çirkli pulların yuyulmasının qarşısının alınması) kimi yüksək riskli və tənzimlənən sahələrdə insan müdaxiləsinə ehtiyac olmadan tam uyğunluqla işləyən avtomatlaşdırma infrastrukturu təklif edir.

Süni intellekt operatoru özünün Oratio çoxmodelli böyük dil modeli ilə dəstəklənir. Oratio, insan işçilərinin ekran hərəkətlərini izləyərək və öyrənərək bu addımları API və ya mühəndislik dəstəyi olmadan təkrarlayır, beləliklə, prosesləri tamamilə öz üzərinə götürür.

Tuğçe Bulut, "Maliyyə institutlarının texnologiya adaptasiyasında geridə qaldığına dair fikirlərin şişirdildiyini düşünürük. Bu qurumların əsas problemi uyğunluq tələbləri və yığılmış müştəri əməliyyatlarıdır. Bu problemləri həll etmək istəyi var idi, sadəcə doğru alət mövcud deyildi," deyə fikirlərini bölüşüb. Bu investisiya, Eloquent AI-ın bu boşluğu doldurmaq üçün atdığı mühüm addımdır.

© copyright 2022 | tech.az | info@tech.az