Az | EN

Türkiyənin yeni “Unicorn”u gəlir: Colendi 65 mln dollar investisiya aldı

Cəmil Hüseynzadə
22 May 2024 19:03
864 baxış
Türkiyənin yeni “Unicorn”u gəlir: Colendi 65 mln dollar investisiya aldı

Colendi B Seriyasının investisiya mərhələsində 65 milyon dollar yeni investisiya cəlb etdi. Bununla da şirkətin dəyəri 700 milyon dollara çatıb. Bloomberg-ə danışan Colendi-nin baş direktoru Bülent Tekmen, qiymətləndirmənin 1 milyard dollara yüksələcəyini gözlədiyini açıqlayıb.

Türkiyənin fintek startapı Colendi Citigroup Inc.  vençur kapitalı fondu da daxil olmaqla bir qrup investordan B Seriyasının investisiya turunda 65 milyon dollar cəlb etməklə 700 milyon dollar dəyərə çatdı.

Colendinin həmtəsisçisi və baş icraçı direktoru Bülent Tekmen B Seriyasının investisiya turunda Migros, Citi Ventures, Sepil Ventures, Re-Pie Asset Management, Finberg və Hedef Holding, eləcə də mövcud investorların iştirak etdiyini bildirib.

Bloomberg-in suallarını cavablandıran Tekmen, "Maliyyələşdirmə şirkətin EMEA, GCC və Türk respublikaları arasında mühüm rəqəmsal bankçılıq qurumu olmaq missiyasını dəstəkləyəcək" dedi.

Bank Tənzimləmə və Nəzarət Agentliyi Colendinin 2023-cü ildə rəqəmsal bank yaratmaq üçün müraciətini təsdiqləyib. İnvestisiya turundan əldə edilən gəlirlə Colendi Bankın qurulması üçün maliyyə təmin edildiyini ifadə edən Tekmen, C Series investisiya turu ilə ilin sonuna qədər 150 milyon dollardan çox sərmayə toplamağı və unikorna çevrilməyi hədəflədiklərini açıqlayıb. 

Colendi 2026-cı ilə qədər həm ölkə daxilində, həm də xaricdə IPO-ya açılmağa hazır olmağı hədəfləyir. Ölkə xaricində IPO üçün London uöurlu seçim kimi dəyərləndirilir.

Türkiyədə 17 milyon istifadəçisi olan Colendi 1 milyard istifadəçiyə çatmağı hədəfləyir, Pakistan və İndoneziya kimi böyük əhalisi olan inkişaf etməkdə olan bazarlarda böyüyərək bu hədəfinə çatmağı planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az