Az | EN

Twitter Almaniyada qeyri-qanuni məzmunları silmədiyinə görə cəzalandırıla bilər

Bənövşə Kazımova
06 Aprel 2023 13:12
311 baxış
Twitter Almaniyada qeyri-qanuni məzmunları silmədiyinə görə cəzalandırıla bilər

Almaniyanın federal ədliyyə idarəsi Twitter-i cərimələmək üçün fəaliyyətə başladığını elan edib. Qurum iddia edir ki, sosial media şirkəti qeyri-qanuni məzmunla bağlı istifadəçilərin şikayətlərinə düzgün baxmayıb.

Verilən məlumata görə, səlahiyyətlilər tərəfindən qeyri-qanuni hesab edilən məzmun istifadəçilərin şikayətlərinə baxmayaraq, qanunla nəzərdə tutulmuş müddətdə Twitter tərəfindən silinməyib. Almaniyanın Şəbəkə Mühafizəsi Qanununa əsasən, sosial media platformalarının qeyri-qanuni məzmunla bağlı istifadəçi şikayətlərinə cavab vermək, məzmunu yoxlamaq və qeyri-qanuni olduqda məzmunu silmək üçün 7 günlük müddət var. 

Qurum məsələni Bonn rayon məhkəməsinə vermək qərarına gəlməzdən əvvəl Twitter-ə ittihamları həll etmək şansı verdiyini söyləyib. Twitter isə bu ittihamlar qarşısında susqunluğunu qorumağa davam edir.

Cərimə ilə bağlı heç bir izahat verilməsə də, Şəbəkə Mühafizəsi Qanununa əsasən cərimələr 50 milyon avroya çata bilər. Keçən il bu qanun əsasında cərimələnən Telegram 5,12 milyon avro ödəyib. Telegram qeyri-qanuni məzmunu bildirmək üçün istifadəçilərə alətlər təqdim etmədiyinə və rəsmi qurumlarla rəsmi əlaqə saxlamaq üçün Almaniyada hüquqi şəxs yaratmadığına görə cəzalandırılıb. 

Bu arada qeyd edək ki, bu, Twitter-in Almaniyadakı səlahiyyətlilər tərəfindən ilk dəfə yoxlanılması deyil. Dekabr ayında ölkədə yüksək vəzifəli bir məmur Twitter-in birbaşa Avropa Komissiyasının nəzarəti altına alınmasını tələb etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az