“YouTube” seçilmiş istifadəçilər üçün yeni “AI” yaradır
“YouTube” platforması keçən il ABŞ-da test qrupuna seçilmiş video kontent yaradıcıları üçün yeni funksiya yaratmışdı. Platforma bu qrupdakılar üçün Çarli Put, Çarli XCX, Demi Lovato, Con Lecend, Sia, T-Pein və Troye Sivan kimi sənətçilərin vokallarından istifadə edərək süni intellekt ilə mahnılar yaratmağa icazə vermişdi. İndi isə şirkət “Dream Track” alətlər dəstinə yeni funksiya əlavə edir. Belə ki, kontent yaradıcıları sadəcə mahnının üslubunu necə dəyişmək istədiklərini təsvir etməklə mahnını remiks edə bilərlər.
Video yayım platforması seçilmiş mahnıları artıq kontent yaradıcılarının ixtiyarına verdiyini bildirib. Bu istifadəçilər mahnılar üzərində təcrübə apara bilərlər. Onlar “mahnını yenidən tərtib et” düyməsini seçə və süni intellektə onu necə remiks etmək istədiklərini bildirə bilərlər. Yenidən tərtib prosesi nəticəsində istifadəçilərin qısa videolarda yerləşdirə biləcəyi 30 saniyəlik mahnılar yaradılacaq.
“YouTube”un sahibi “Google” şirkətindən isə bildirilib ki, bu qısa mahnılar və onların istifadə edildiyi videolar orijinal mahnıya istinad olaraq göstəriləcək. Mahnılarda trekin “AI” ilə dəyişdirildiyini göstərmək üçün müvafiq etiket də olacaq.
Keçən ilin noyabrında istifadəyə verilmiş “Dream Track” alətlər dəsti “Deepmind” tərəfindən hazırlanmış “Lyria” musiqi modeli ilə təchiz edilmişdir. Həmin vaxt platforma istifadəçilərə sadəcə hər hansı melodiya zümzümə edərək mahnı yaratmağa imkan verən alət də buraxmışdı.
Musiqiçilərin qəzəbindən xilas olmaq üçün isə “YouTube” keçən avqust ayında bu alətləri buraxmazdan öncə bildirdi ki, sənətçilərə və müəllif hüququ sahiblərinə onların məhsullarından süni intellektdə istifadəyə görə kompensasiya verməyi planlaşdırır. Şirkət müəllif hüququ sahiblərinə ödəniş etmək üçün isə “Universal Music Group” (UMG) ilə tərəfdaşlıq edəcəyini açıqlayıb.