Az | EN

25 yaşlı gəncin dron startapı 75 milyon dollar investisiya toplayıb

Nigar Sultanli
09 Aprel 2025 09:28
478 baxış
25 yaşlı gəncin dron startapı 75 milyon dollar investisiya toplayıb

ABŞ-nin təhlükəsizlik texnologiyaları sahəsində fəaliyyət göstərən Brinc Drones şirkəti, Index Ventures-in rəhbərlik etdiyi yeni investisiya raundu çərçivəsində 75 milyon ABŞ dolları məbləğində vəsait cəlb etdiyini açıqlayıb. Şirkətin ümumi investisiya həcmi bununla 157.2 milyon dollara çatıb.

Brinc Drones 2017-ci ildə Blake Resnick tərəfindən təsis edilib. Şirkətin təsisçisi 25 yaşındadır və təhsilini yarımçıq qoyaraq biznes fəaliyyətinə yönəlib. Şirkətin erkən mərhələdəki investorlarından biri süni intellekt sahəsində tanınmış OpenAI şirkətinin baş direktoru Sam Altman olub. Brinc, əsasən polis və ictimai təhlükəsizlik orqanları üçün xüsusi dron sistemləri istehsal edir. ABŞ-də Çin istehsalı olan dronlara qarşı tətbiq edilən tənzimləmələrin fonunda, şirkət yerli istehsal bazarında möhkəmlənməyə çalışan bir neçə startapdan biridir. Maraqlıdır ki, Resnick Brinc-i qurmazdan əvvəl, Çinli dron istehsalçısı DJI-də qısa müddətlik təcrübə keçib.

Yeni investisiya raundunun bir hissəsi olaraq Brinc, ABŞ-ın təhlükəsizlik texnologiyaları sektorunun əsas oyunçularından olan Motorola Solutions ilə strateji tərəfdaşlıq qurduğunu da açıqlayıb. Bu tərəfdaşlıq çərçivəsində Brinc-in dron sistemləri, Motorola-nın bir çox 911 çağrı mərkəzində istifadə olunan proqram təminatı ilə inteqrasiya olunacaq. Bu da o deməkdir ki, fövqəladə vəziyyətlərdə sistem tərəfindən təsdiqləndiyi halda, çağrılara cavab olaraq dronların birbaşa göndərilməsi mümkün olacaq.

Brinc-in rəqibləri arasında ABŞ-nin digər yüksək texnologiyalı startapları olan Flock Safety və Skydio da yer alır. Flock Safety son investisiya raundunda 7.5 milyard dollar, Skydio isə 2023-cü ildə 2.2 milyard dollar dəyərində qiymətləndirilmişdi.

Brinc şirkəti bu rəqabətə baxmayaraq, xüsusilə Çin mənşəli dron istehsalçılarının üstünlük təşkil etdiyi bazarda inkişaf üçün geniş imkanların mövcud olduğunu bildirir. Şirkət dronlarının pəncərə sındırmaq və təcili tibbi avadanlıqları çatdırmaq kimi əlavə funksiyaları ilə fərqləndiyini qeyd edir.

Brinc Drones-in son investisiya raundu, ABŞ-da texnoloji təhlükəsizlik həllərinə artan marağın və yerli istehsalın dəstəklənməsinin bir göstəricisi kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az