Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin icra etdiyi “Technest” Təqaüd Proqramına 3-cü qeydiyyat başlayıb.
Tech.az Media xəbər verir ki, eydiyyat ölkənin İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır.
Proqram çərçivəsində Bakı və bir sıra regionlar da daxil olmaqla, ölkə üzrə 1 800 nəfərə təqaüd verilməsi nəzərdə tutulur.
“Technest”ə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları müraciət edə bilər. Təqaüd proqramına onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək olar: https://technest.idda.az/
Son qeydiyyat tarixi 30 noyabr 2023-cü ildir.
“Technest” İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. Təqaüd Proqramı 2021-ci ildə 618, 2022-ci ildə 1 500-dən artıq insanı İKT təhsili üzrə təqaüdlə təmin edib. 2023-cü ildə təlimə qoşulan tələbə sayı 2 120 olub. Bununla yanaşı proqram çərçivəsində 26 region üzrə 737 nəfərə təqaüd verilib. Məktəbliləri çıxmaqla “Technest” məzunların məşğulluq səviyyəsi hazırda 90 %-dən çoxdur.