Xidmət sektoru üzrə mobil tətbiq və onlayn platformalar yaratmış daha 6 KOB subyekti mənfəət və ya gəlir vergisindən azad edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb.
“Startap” şəhadətnamələri "Money-Tunnel" MMC-nin maliyyə təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqi, Rüfət Gülmalızadənin interaktiv video təlim və kommunikasiya platforması, "Yax" MMC-nin taksi sifarişi üçün mobil tətbiqi, "Jİ Studio" MMC-nin süni intellekt əsasında veb səhifələrin dizaynı və hazırlanması üçün platforma, Niyaz İsmayılovun interaktiv mükafatlandırıcı onlayn yarış platforması, "Ainuverse" MMC-nin video məzmun üzərindən ağıllı axtarış platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.