Az | EN

Airbnb CEO-su: Sİ turizm sektorunu əvəz edə bilməz

Nigar Sultanli
15 Sentyabr 2025 15:36
31 baxış
Airbnb CEO-su: Sİ turizm sektorunu əvəz edə bilməz

Brayan Çeski, süni intellektin sürətli inkişafına baxmayaraq, yaxın 5-10 il ərzində  turizm sektorunda insan amilinin əsas olaraq qalacağını proqnozlaşdırır.

Çeskinin fikrincə, insanlar səyahətlərinin və xidmətlərinin robotlar tərəfindən deyil, məhz insanlar tərəfindən təşkil edilməsini üstün tuturlar. Məsələn, şərab dequstasiyası səfəri və ya Komo gölünə gəzinti kimi təcrübələrdə müştərilər üçün fərdi münasibət  vacibdir. O hesab edir ki, robotların bu kimi xidmətləri yerinə yetirməsi hələlik real deyil və müştəri gözləntilərini qarşılamayacaq.

Lakin Çeski bəzi peşələr üçün gələcəyin fərqli olacağını düşünür. O, avtonom (sürücüsüz) taksilərin yayılması ilə sürücülük peşəsinin yox olacağını və sürücülərin "başqa işlər tapmalı olacağını" bildirir. Bu, onun fikrincə, süni intellektin müəyyən sahələrdə iş yerlərini əvəz edə biləcəyini göstərir.

Çeski ümid edir ki, əgər süni intellektin yaratdığı dəyişikliklər nəticəsində bir çox peşə aradan qalxarsa, Airbnb insanların yeni bacarıqlar əldə edərək inkişaf edə biləcəyi bir platformaya çevriləcək. Bu, şirkətin turizm xidmətlərindən kənara çıxaraq, daha geniş xidmət sahələrini əhatə etmə planları ilə də uyğun gəlir.

Bu strategiyanın bir hissəsi olaraq, Airbnb artıq 2025-ci ilin yazında “Airbnb Xidmətləri” adlı yeni bir bölmə təqdim edib. Bu bölmədə aşpaz, fotoqraf, kosmetoloq və fərdi məşqçi kimi 10 müxtəlif sahədə xidmətlər təklif olunur. Şirkət bu xidmətlər üçün tərəfdaşlardan sifariş dəyərinin 15%-i qədər xidmət haqqı tutacaq.

© copyright 2022 | tech.az | info@tech.az