Təchizat zəncirindəki xətaları və potensial riskləri aşkar etmək üçün bütün məlumatları nəzərdən keçirən süni intellekt dəstəkli innovativ həllər təklif edən Altana investisiya alıb. Startapın verdiyi məlumata görə, B seriyalı investisiya turunda 100 milyon dollarlıq investisiya əldə edib.
Bu investisiya turuna Activate Capital rəhbərlik edib. Bundan əlavə, turda Activate Capital ilə yanaşı, OMERS Ventures, Prologis Ventures, Reefknot Investments, Four More Capital, Google Ventures, Amadeus Capital, Floating Point və Ridgeline Partners şirkətləri də iştirak edib. Xatırladaq ki, startap bundan əvvəl sonuncu dəfə ötən ilin sentyabrında Google Ventures tərəfindən 15 milyon dollarlıq investisiya alıb. 100 milyon dollarlıq yeni sərmayə ilə Altana-nın bu günə qədər cəmi sərmayəsi 123 milyon dollara çatıb.
2018-ci ildə Nyu Yorkda Evan Smis, Piter Şvartz və Rafael Tehranyan tərəfindən qurulan Altana süni intellekt həlli ilə təchizat zəncirində yarana biləcək problemlərin qarşısını almağı hədəfləyir. Onu da əlavə edək ki, Altana 4 illik bir startap olsa da, önəmli müştəriləri var. Altana-nın müştəriləri arasında ABŞ Gömrük və Sərhəd Təhlükəsizliyi, Boston Scientific, BMW, Maersk və Merck kimi mühüm şirkətlər və qurumlar var. Əlavə edək ki, startap bu sərmayədən məhsullarını inkişaf etdirmək üçün istifadə edəcək.
Startapın həmtəsisçisi Evan Smis bildirib ki, startapın bu il 12-15 dəfə böyüməsi və il sonuna kimi 110 nəfərlik komandaya sahib olması gözlənilir.