Apple 2026-cı ildən etibarən ABŞ bazarı üçün nəzərdə tutulan bütün iPhone modellərinin montajını Hindistana köçürməyi planlaşdırır. Bu barədə Financial Times nəşri şirkətə yaxın mənbələrə istinadən məlumat yayıb. Qərarın verilməsində əsas səbəb kimi ABŞ və Çin arasında davam edən ticarət gərginliyi və artan tariflər göstərilir.
Hazırda Apple-ın əsas istehsal mərkəzi Çindir. Lakin son illərdə geosiyasi risklər və istehsal xərclərinin yüksəlməsi şirkəti təchizat zəncirini diversifikasiya etməyə vadar edib. Şirkət Hindistanda fəaliyyət göstərən Foxconn və Tata Electronics kimi tərəfdaşlarla əməkdaşlıq çərçivəsində iPhone istehsalını artırmaqdadır.
Apple Hindistanda illik 50 milyondan çox iPhone istehsal etməyi və bu rəqəmi beş il ərzində 40 milyard dollarlıq istehsala çatdırmağı planlaşdırır. Yeni strategiya çərçivəsində Hindistanın texnoloji istehsal mərkəzi kimi rolu güclənəcək, Apple isə Çindən olan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.
Mütəxəssislər bu dəyişikliyi Apple-ın uzunmüddətli təchizat siyasətində dönüş nöqtəsi kimi qiymətləndirirlər. ABŞ bazarında satılacaq məhsulların üzərində “Made in India” qeydinin yer alması da gözlənilir.