Az | EN

Apple Formula1 yayım hüquqlarını alır

Cəmil Hüseynzadə
14 Oktyabr 2025 10:13
70 baxış
Apple Formula1 yayım hüquqlarını alır

Apple ABŞ ərazisində Formula 1 yarışlarının televiziya və rəqəmsal yayım hüquqlarını əldə etməyə hazırlaşır. Məlumata görə, müqavilənin dəyəri ildə təxminən 140 milyon dollar olacaq və rəsmi elan bu ayın sonunda Ostində keçiriləcək ABŞ Qran Prisində gözlənilir.

Bu barədə məlumatı “Puck” nəşri yayıb. Mənbənin məlumatına görə, razılaşmanın 17–19 oktyabr tarixlərində “Circuit of The Americas” trasında açıqlanacağı planlaşdırılır. Təklif olunan məbləğ hazırda yayımlama hüquqlarına sahib olan ESPN kanalının ödədiyindən xeyli çoxdur.

ESPN-in 2022-ci ildə imzaladığı üçillik müqavilə bu ilin sonunda başa çatır və şirkətin yeni dövr üçün razılaşmanı uzatmayacağı bildirilir. Bu isə Apple üçün bazara güclü təkliflə daxil olmaq imkanı yaradıb. Şirkət artıq ABŞ Peşəkar Futbol Liqası (MLS) ilə 10 illik, 2,5 milyard dollarlıq əməkdaşlıq müqaviləsi bağlayaraq idman yayımında ciddi təcrübə qazanıb.

Hazırda tərəflər arasında əsas müzakirə mövzularından biri Apple-ın yayımlarının Formula 1-in öz rəqəmsal platforması – F1 TV ilə paralel şəkildə necə fəaliyyət göstərəcəyi məsələsidir.

Son illərdə Formula 1 ABŞ-da böyük populyarlıq qazanıb. “Drive to Survive” sənədli serialının uğuru və Liberty Media şirkətinin Amerika bazarına yönəlmiş strategiyası nəticəsində yarışların tamaşaçı sayı ESPN və ABC kanalları üzrə orta hesabla 1,4 milyon nəfərə çatıb.

Əgər razılaşma rəsmiləşsə, bu addım Apple üçün ABŞ idman yayım bazarında mühüm dönüş nöqtəsi olacaq və şirkətin həm futbol, həm də avtoidman sahəsində aparıcı media oyunçusuna çevrilməsini təmin edəcək.

© copyright 2022 | tech.az | info@tech.az