Apple Rusiya proqramçılarının App Store-dan kənar tətbiqlər yaratmasını qadağan edib və onların Apple Developer Enterprise Program (ADEP) platformasına girişini bağlayıb. Bu platforma şirkətlərə öz daxili istifadəçiləri üçün iOS tətbiqləri yaratmağa imkan verirdi. Məsələn, işçilər üçün çat-botlar, mühasibat proqramları, daxili məlumat bazalarına giriş və digər iş alətləri bu sistem vasitəsilə hazırlanırdı. Həmçinin, bəzi proqramçılar bu platformadan istehlakçılar üçün nəzərdə tutulan tətbiqləri App Store-a yerləşdirmədən əvvəl test etmək üçün istifadə edirdilər.
Apple rusiyalı istifadəçilərin bu platformaya girişini tamamilə ləğv edib və onların məlumatlarını sistemdən silib. Şirkət bu qərarın konkret səbəbini açıqlamasa da, daha əvvəl beynəlxalq sanksiyalara uyğun hərəkət etdiyini bildirib.
Ekspertlərin fikrincə, bu qadağa Rusiya şirkətləri üçün ciddi problemlər yaradacaq. Çünki hazırda ADEP-in tam alternativi yoxdur. Bəzi Rusiya şirkətləri, məsələn, Touch Instinct, artıq TestFlight-dan istifadə etməyə və digər korporativ həllər axtarmağa məcbur qalıblar. Lakin bu alternativlər ADEP qədər rahat və funksional deyil. Nəticədə, Rusiya şirkətləri üçün yeni tətbiqlərin hazırlanması və test edilməsi daha uzun və çətin prosesə çevriləcək.