Elvin adlı şəxs tap.az elan saytında 270 min manata domen adı satması barəsində elan yerləşdirib. Bu qiymətə təqdim edilən domen Polestar.az domenidir. Hazırda domain aktiv deyil, yəni bu domain adı altında heç bir sayt fəaliyyət göstərmir. Domenin bu qədər baha qiymətə satışa təqdim edilməsinə səbəb məşhur İsveç avtomobil brendi Polestar-ın Azərbaycan bazarına daxil olma şayiələridir. Satıcı şəxs düşünür ki, bazara daxil olmaq istəyən şirkət bu qiymətə domeni almağa razı ola bilər.
Azərbaycanda rəsmi .az sonluğu ilə bitən domen adlarının satışı 20 manata həyata keçirilir.
Domenlərin bu qədər baha satılması tendensiyası bütün dünyada mövcuddur. Bir çox şirkətlər öz adlarına uyğun domen adları almağa gecikdikdə bunun bədəlini çox ağır (baha) şəkildə ödəyiblər. Nissan avtomobil brendi adına uyğun domen adı ala bilməyib. Buna səbəb Nissan-ın domen adı almasına geçikməsidir. 1994-cü ildə Amerikada Uzi Nissan öz “Nissan Computers” şirkəti üçün domen adı - nissan.com alıb. 4 il sonra isə Nissan qlobal auditoriyaya xitab edəcək rəsmi saytını qurmaq istəyəndə “süpriz” ilə qarşılaşıb. Artıq domen adı alınmışdı. Avtomobil şirkəti Uzi Nissanı məhkəməyə şikayət etsə də, onun bu cəhdi uğursuz alınıb və brend Nissan.com domenini ala bilməyib. Nəticədə o Amerika bazarı üçün nissanusa.com, qlobal bazar üçün isə nissan-global.com domenlərini almalı olub.
GoDaddy bloqunda bu vaxta qədər satılan ən bahalı 25 domen adının siyahısını paylaşıb. Siyahıda kifayət qədər baha qiymətə satılan domen adları var. GoDaddy domen dəyərlərini qiymətləndirmək üçün həm maşın öyrənməsi, həm də real bazar satış məlumatlarına əsaslanan eksklüziv alqoritmdən istifadə etdiyini bildirib.