Az | EN

Azərbaycanda süni intellekt strategiyası qəbul edildi

Cəmil Hüseynzadə
19 Mart 2025 14:03
512 baxış
Azərbaycanda süni intellekt strategiyası qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev süni intellektin inkişafını sürətləndirmək məqsədilə yeni “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nı təsdiq edib. Bununla bağlı dövlət başçısı müvafiq Sərəncam imzalayıb.

Sənəddə süni intellekt sahəsində tədqiqatların aparılmasının təşviqi, informasiya texnologiyalarının inkişafı, infrastrukturun əlçatanlığının təmin edilməsi və kadr potensialının gücləndirilməsi əsas məqsədlər kimi müəyyən edilib.

Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti strategiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək. Bundan əlavə, Nazirlər Kabineti strategiyanın icrası ilə bağlı hər il Prezidentə hesabat təqdim edəcək.

İnformasiya təhlükəsizliyi diqqət mərkəzində olacaq
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarında süni intellektin tətbiq olunduğu sahələrdə informasiya təhlükəsizliyi risklərini təhlil edəcək və bu istiqamətdə müvafiq tədbirlər görəcək.

Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Bu strategiya ölkədə süni intellekt sahəsinin inkişafına təkan verəcək və Azərbaycanı bu sahədə qabaqcıl ölkələrdən birinə çevirmək üçün vacib addımlardan biri olacaq.

© copyright 2022 | tech.az | info@tech.az