İtaliyanın Sənaye Nazirliyi açıqlama verərək, Türkiyənin insansız hava vasitələri istehsalçısı Baykar şirkətinin İtalyan təyyarə istehsalçısı Piaggio Aerospace-i satın aldığını elan edib. Nazirlik Baykar-ın, Piaggio Aerospace-in işçilərinin və kreditorlarının hüquqlarını qorumaq və şirkətin sənaye perspektivlərini yenidən canlandırmaq üçün ən uyğun namizəd olduğunu bildirib.
Piaggio Aerospace 2018-ci ildən bəri kreditorların tələblərindən qorunmaq üçün xüsusi dövlət idarəçiliyində fəaliyyət göstərirdi. İtaliyanın Sənaye Nazirliyi Baykar-ın təklifinin, digər iki beynəlxalq namizədin təkliflərini üstələdiyini qeyd edib.
Baykar Piaggio-nun təyyarə istehsalını, texniki dəstəyini, təlim və logistika xidmətlərini, habelə motor təmiri və komponent istehsalını davam etdirmək və genişləndirmək öhdəliyi götürüb. İtaliyanın İş və Made in Italy naziri Adolfo Urso, bu razılaşmanın Piaggio Aerospace-in gələcəyini təmin etdiyini vurğulayıb:
“Altı illik gözləyişdən sonra, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Piaggio Aerospace üçün uzunmüddətli istehsal perspektivinə sahib bir gələcək təmin edirik,” deyə Urso bildirib.
Baykar-ın bu satınalma ilə Piaggio-nun tarixi irsini qoruyaraq istehsal gücünü artıracağı və Avropa aviasiya bazarındakı təsirini genişləndirəcəyi açıqlanıb. Baykar-ın gələcək planları Piaggio-nun İtaliyadakı iş imkanlarını artırmağı da əhatə edir.
Baykar və PUA Bazarı
2023-cü ildə 1,8 milyard dollarlıq ixracatla Türkiyənin ilk 10 ixracatçısı arasına daxil olan Baykar, dünya İHA bazarının 65%-nə nəzarət edir. ABŞ-ın "Center for a New American Security" düşüncə qurumunun hesabatına görə, Baykar, ən yaxın ABŞ-lı rəqibindən üç dəfə böyükdür və təkbaşına bazarın 60%-ni təşkil edir.
Son illərdə gəlirlərinin 90%-dən çoxunu ixracatdan əldə edən Baykar, 35 ölkəyə Bayraktar TB2 və Bayraktar AKINCI SİHA-larını təhvil verib.