“Gamepons Compass” oyun inkubasiya proqramının məzunu olan “Legions Studio” ilk oyununu “Steam” platformasında müstəqil şəkildə yayımlayaraq cəmi iki ay ərzində 20 min dollardan çox satış əldə edib.
Komanda eyni zamanda “Xsolla” və İRİA-nın “Game Accelerator” proqramına qəbul olunaraq 5 min dollar dəyərində inkişaf qrantı qazanıb.
“Legions Studio”nun növbəti oyununun ilin sonunadək “Steam”də satışa çıxarılması planlaşdırılır.
Studiya həmçinin “Caucasus Ventures” tərəfindən Azərbaycandan seçilən və qlobal şirkətlər qurmaq potensialına malik beş gənc təsisçidən biri olub. Komanda yaxın zamanda ABŞ-ın Silikon Vadisinə səfər edəcək və burada beynəlxalq təsisçilər, investorlar və texnologiya sahəsinin nümayəndələri ilə görüşlərdə iştirak edəcək.
2023-cü ildə yaradılan “Legions Studio” 2024-cü ildən studiya kimi fəaliyyət göstərir. Komandanın uzunmüddətli məqsədi beynəlxalq səviyyədə tanınan oyunlar hazırlamaq və gələcəkdə “The Game Awards” kimi nüfuzlu mükafatlarda iştirak etməkdir.
“Legions Studio” “Gamepons Compass” proqramının “Gamepons” və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) tərəfdaşlığı ilə həyata keçirildiyini bildirir. Proqramın məqsədi yerli oyun tərtibatçılarına mentorluq və inkişaf dəstəyi göstərərək onların qlobal bazara çıxışına kömək etməkdir.
