Az | EN

Bolt CEO-su geri dönərək 450 milyon dollar sərmaya toplayır

Cəmil Hüseynzadə
26 Avqust 2024 11:35
1527 baxış
Bolt CEO-su geri dönərək 450 milyon dollar sərmaya toplayır

Bolt-un qurucusu Rayan Breslou şirkətə CEO olaraq geri qayıdıb və Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyadan yeni 450 milyon dollar sərmayə toplayır. Şirkətin yeni dəyəri 14 milyard dollar olaraq qiymətləndirilib.

Bu qiymətləndirmə Bolt üçün ciddi bir dönüş nöqtəsi sayıla bilər. Çünki bu ilin əvvəlində şirkət investorlar üçün səhmlərin geri alınması proqramı təklif etmiş və o zaman Bolt-un dəyəri cəmi 300 milyon dollar olaraq müəyyən edilmişdi.

2020-21-ci illərdə Bolt böyük uğur qazanan startaplardan biri idi. Şirkət 2021-ci ildə BlackRock-un rəhbərliyi ilə 355 milyon dollar sərmayə toplayıb və pandemiya dövründə onlayn ticarətə olan yüksək tələbat nəticəsində şirkətin dəyəri 11 milyard dollar olmuşdu.

Lakin, San-Fransisko mərkəzli bu startap üçün işlər sürətlə pisləşməyə başladı. Məhkəmə iddiaları, maliyyə mübahisələri və digər problemlər şirkətin adının mənfi başlıqlarda çəkilməsinə səbəb oldu. 2022-ci ilin əvvəlində Rayan Breslou Twitter-də Y Combinator və Stripe-ı tənqid etdikdən sonra CEO vəzifəsindən ayrılıb. Şirkət həmin ilin ortalarında, 11 milyard dollar dəyərində qiymətləndirilməsindən cəmi altı ay sonra, ixtisarları elan edib və o vaxtdan bəri ən azı üç dəfə işdən çıxarılmalar həyata keçirilib.

Şirkət həmçinin idarə heyətində bir sıra dəyişikliklərə məruz qalıb və investorlarla bağlı problemlər yaşayıb. Bu ilin əvvəlində keçmiş CEO Maju Kuruvilla da şirkəti tərk edib.

Bolt bir kliklə onlayn ödənişləri asanlaşdırmaq üçün satıcıları proqram təminatı ilə təmin edən Amerika maliyyə texnologiyası startapıdır. 2014-cü ildə San Fransiskoda təsis edilib.

© copyright 2022 | tech.az | info@tech.az