OpenAI ChatGPT-də yeni funksiya təqdim edib. Artıq istifadəçilər platformadan çıxmadan Booking.com, Spotify, Coursera, Figma, Canva və digər məşhur tətbiqlərdən birbaşa istifadə edə biləcəklər. Yenilik şirkətin illik DevDay 2025 tədbirində elan olunub.
Sem Altman bildirib ki, bu addım süni intellektin gündəlik həyata daha real şəkildə inteqrasiyasını təmin edəcək:
“Biz istəyirik ki, ChatGPT insanlara daha məhsuldar, yaradıcı və öyrənməyə açıq olmağa kömək etsin. Yeni sistem interaktiv və şəxsi təcrübə yaradır.”
Yeni xüsusiyyət sayəsində istifadəçilər sadəcə söhbət zamanı tətbiqin adını çəkərək ondan yararlana biləcəklər. Məsələn, “Coursera, mənə maşın sənayəsini öyrət” və ya “Figma, bu eskizi işlək diaqrama çevir” kimi əmrlərlə tətbiqlər aktivləşəcək. Eyni zamanda, ChatGPT istifadəçinin niyyətini anlayaraq uyğun tətbiqi özü təklif edə biləcək — məsələn, “həftəsonu üçün playlist hazırla” sorğusuna cavab olaraq Spotify-da musiqi siyahısı yaratmaqla.
Sistem Model Context Protocol (MCP) texnologiyası üzərində qurulub və bu, tətbiqlərin ChatGPT-də interaktiv interfeys və video təqdim etməsinə imkan verir. Gələcəkdə DoorDash, Uber və Instacart kimi tətbiqlərin də əlavə olunacağı gözlənilir.
OpenAI bildirir ki, məxfilik məsələsi prioritet olaraq qalır və tərtibatçılar yalnız zəruri məlumatları toplaya biləcəklər. Şirkət, eyni zamanda, gələcəkdə tətbiqlərin monetizasiya imkanlarını da genişləndirməyi planlaşdırır.