Texnologiya NPC-lərə oyunçuların reaksiyalarını təqlid etməyə, o cümlədən onlayn matçlarda istifadə olunan danışıq tərzində cavab verməyə imkan verə bilər.
Call of Duty seriyasının yaradıcısı Activision oyunlarda süni intellekt vasitəsilə səsli dialoqlar yaratmaq üçün patent alıb. “Methods and Systems for Applying Machine Learning to Generate Gameplay Audio” adlı patentdə oyunçuların səsli ünsiyyət qeydlərindən istifadə etməklə süni intellekt modelinin öyrədilməsi təsvir olunur. Məqsəd istifadəçilərin konkret səslərini təkrarlamaq deyil, onların danışıq tərzini və oyun hadisələrinə reaksiyalarını modelləşdirməkdir.
Məsələn, sistem oyunçunun qələbədən, məğlubiyyətdən və ya oyunda məhv edilməsindən sonra necə reaksiya verdiyini öyrənə bilər. Bunun üçün qeyd olunan oyun hadisəsindən təxminən 10 saniyə əvvəlki və sonrakı audio məlumatlarının təhlili nəzərdə tutulur.
Patentdə məlumat mənbəyi kimi yalnız oyun daxilindəki səsli çatlar deyil, Discord və TeamSpeak kimi platformalar da göstərilir. Sistem oyun hadisələrinin vaxt qeydlərini həmin tətbiqlərdəki söhbətlərlə əlaqələndirə bilər.
Beləliklə, oyun personajları real oyunçulara xas danışıq üslubunda, baş verənlərə uyğun reaksiyalar verə biləcəklər. Texnologiya xüsusilə onlayn matçlarda NPC-lərin daha təbii səslənməsinə imkan yarada bilər.
Patent sənədində birbaşa Call of Duty adı çəkilmir. Bununla belə, müzakirələrə səbəb olan əsas məqam Activision-un bu seriyası ilə bağlıdır. Oyunun səsli çatları kobud ifadələr və təhqirlərlə tanındığından, belə söhbətlər əsasında öyrədilən süni intellekt personajlarının hansı ifadələrdən istifadə edə biləcəyi sual doğurur.
Sənəddə təhqiramiz ifadələrin qarşısını almaq üçün filtrlərin tətbiqi də nəzərdə tutulur. Lakin Dexerto nəşrinin xatırlatdığı kimi, bu cür məhdudiyyətlər hər zaman qüsursuz işləmir.
Texnologiya ilə bağlı məxfilik məsələləri də açıq qalır. Patentdə şirkətin oyunçuların səs yazılarından istifadə etmək üçün onların razılığını necə alacağı, eləcə də Discord və TeamSpeak kimi platformalardakı şəxsi söhbətlərin bu prosesə cəlb edilib-edilməyəcəyi açıqlanmır.
Bundan başqa, süni intellektlə yaradılan dialoqların səsləndirmə aktyorlarının işinə təsiri də müzakirə mövzusudur. Aktyorlar həmkarlar ittifaqı SAG-AFTRA daha əvvəl bu cür texnologiyaların tətbiqinə qarşı çıxış edib.
Qeyd edək ki, patentin qeydiyyata alınması Activision-un bu texnologiyanı mütləq şəkildə oyunlarında tətbiq edəcəyi demək deyil.
