Kriptovalyuta nəhəngi Coinbase bu həftə sistemlərinin sındırıldığını və müştəri məlumatlarının, o cümlədən dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqələrinin oğurlandığını təsdiqləyib.
ABŞ tənzimləyici orqanlarına təqdim olunan qanuni hesabatda bildirilib ki, hakerlər müştəri hesabları barədə məlumat əldə etdiklərini deyərək, bu məlumatları yayımlamamaq üçün şirkətdən pul tələb ediblər. Coinbase-in açıqlamasına görə, hakerlər ABŞ xaricində işləyən bir neçə podratçı və ya dəstək işçisini rüşvətləndirərək, onların sistemlərə daxil olmaq imkanlarından sui-istifadə ediblər. Şirkət həmin işçilərlə əməkdaşlığı dayandırıb.
Şirkətin verdiyi məlumata əsasən, zərərli fəaliyyət bir neçə ay əvvəl aşkarlanıb və potensial olaraq məlumatları əldə edilmiş müştərilər xəbərdar olunub. Coinbase hakerlərin tələb etdiyi 20 milyon dollarlıq fidyə ödənişini rədd edib.
Oğurlanan məlumatlara müştəri adları, poçt və elektron ünvanları, telefon nömrələri, sosial sığorta nömrələrinin son dörd rəqəmi, bank hesablarının müəyyən hissələri, habelə sürücülük vəsiqələri, pasportlar kimi şəxsiyyət sənədləri daxildir. Bundan əlavə, hesab balansları və əməliyyat tarixçələri də oğurlanıb.
Şirkət həmçinin bəzi daxili korporativ sənədlərin də oğurlandığını bildirib.
Coinbase təhlükəsizliyi gücləndirmək və ABŞ-də yeni müştəri dəstək mərkəzi yaratmaq niyyətindədir.
Şirkətin sözçüsü Natasha LaBranche bildirib ki, təsirlənmiş müştərilərin sayı 9.7 milyon aylıq aktiv istifadəçi içərisində 1%-dən azdır. Hadisənin aradan qaldırılması və müştərilərin təzminatı ilə bağlı şirkətin 180 milyon ilə 400 milyon dollar arasında xərclər gözlənilir.