Az | EN

“CoreWeave” OpenAI ilə 6.5 milyard dollarlıq müqavilə imzalayıb

Nigar Sultanli
26 Sentyabr 2025 10:26
227 baxış
“CoreWeave” OpenAI ilə 6.5 milyard dollarlıq müqavilə imzalayıb

CoreWeave-in OpenAI ilə bağladığı ümumi müqavilələrin həcmi 22.5 milyard dollara yüksəlib.

Bloomberg-in yazdığına görə, CoreWeave bu yeni müqavilənin OpenAI-nin "növbəti nəslin ən qabaqcıl modellərinin" təlimini təmin edəcəyini bildirib. Şirkətin baş direktoru Maykl İntreyter vurğulayıb ki, bu razılaşma CoreWeave-in ən yüksək resurs tələb edən hesablama və təlim işlərini misilsiz sürətlə təmin etmək imkanına, "dünyanın aparıcı innovatorlarının etimadını" təsdiqləyir.

CoreWeave, süni intellektin inkişafı üçün zəruri olan qabaqcıl çipləri icarəyə verən yeni nəsil bulud şirkətləri arasında öncül yer tutur. Şirkət bu sahədə, o cümlədən "Yandex N.V."nin sabiq rəhbəri Arkadi Volojun təsis etdiyi "Nebius" kimi rəqiblərlə yarışır. Bu cür şirkətlərin sayının artması və cəlb etdikləri böyük həcmdə kapital axını göstərir ki, iri texnologiya şirkətləri arasında süni intellekt infrastrukturuna tələbat yüksək olaraq qalır.

CoreWeave ilk dəfə bu ilin mart ayında OpenAI ilə 11.9 milyard dollara qədər dəyərində müqavilə imzalamışdı. Bloomberg qeyd edir ki, yeni razılaşma CoreWeave-ə biznesini şaxələndirməyə və ən böyük müştərisi olan Microsoft-dan asılılığını azaltmağa imkan verəcək. Belə ki, bu ilin iyun ayında başa çatan rüb ərzində CoreWeave-in ümumi gəlirlərinin 71%-i məhz Microsoft-un payına düşmüşdü.

Bu əməkdaşlıq xəbəri CoreWeave-in səhmlərinə də təsir edib: sentyabrın 25-də şirkətin səhmləri Nasdaq birjasında əvvəlcə 3.6% artaraq 138.22 dollara çatsa da, daha sonra artım 1.75%-ə qədər zəifləyib.

© copyright 2022 | tech.az | info@tech.az