Az | EN

CoreWeave Pensilvaniyada 6 milyard dollarlıq məlumat mərkəzi inşa edəcək

Nigar Sultanli
15 İyul 2025 16:59
44 baxış
CoreWeave Pensilvaniyada 6 milyard dollarlıq məlumat mərkəzi inşa edəcək

ABŞ-nin süni intellekt sahəsində liderliyini qorumaq məqsədilə Trampın təşəbbüsünə qoşulan NVIDIA tərəfindən dəstəklənən CoreWeave şirkəti, Pensilvaniya ştatında 6 milyard dollar dəyərində yeni süni intellekt məlumat mərkəzi tikəcəyini açıqlayıb.

Bu bəyanat şirkətin CEO-su Maykl Intrator tərəfindən Senator Deiv MakKormikin təşkil etdiyi ilk "Pensilvaniya Enerji və İnnovasiya Sammiti" çərçivəsində Trampla keçiriləcək CEO dairəvi masası görüşündə elan ediləcək.

Layihə ilkin mərhələdə 100 meqavat (MW) güc istifadə edəcək və bu göstərici gələcəkdə 300 MW-a qədər artırıla bilər. Məlumat mərkəzinin inşası zamanı təxminən 600 iş yerinin açılması, istifadəyə verildikdən sonra isə 70 daimi texniki və əməliyyat sahəsi üzrə mütəxəssisə ehtiyac olacağı gözlənilir.

CoreWeave-nin bu addımı ABŞ-nin süni intellekt infrastrukturu üçün ayrılan yüz milyardlarla dollarlıq sərmayələrə əlavə edilir. Artan enerji və hesablama gücü tələbləri fonunda Tramp administrasiyası süni intellektlə bağlı istehsal zəncirinin ölkə daxilində saxlanılmasını prioritet kimi müəyyənləşdirib.

CoreWeave-nin baş direktoru Maykl Intrator bildirib:
“Süni intellekt hesablama gücünə olan tələbat fasiləsiz olaraq artır. CoreWeave olaraq bu ehtiyacları qarşılayacaq, süni intellektə yönəlik xüsusi bulud platformamızı genişləndirir və ABŞ-nin bu sahədə liderliyini möhkəmləndiririk.”

Qeyd edək ki, bu təşəbbüs Amazon şirkətinin ötən ay Pensilvaniyada 20 milyard dollarlıq məlumat mərkəzi yatırımı elanından sonra gəlir. Həmçinin, CoreWeave bu yaxınlarda kriptovalyuta hasilatı ilə məşğul olan Core Scientific şirkətini təxminən 9 milyard dollar dəyərində müqavilə ilə almağa razılaşıb. Bu satınalma CoreWeave-nin süni intellekt sahəsində artan tələbatı ödəmək üçün enerji və infrastruktur imkanlarını genişləndirmək məqsədi daşıyır.

Reuters-in məlumatına görə, Prezident Tramp yaxın saatlarda ümumilikdə 70 milyard dollarlıq süni intellekt və enerji sahəsinə yeni sərmayə paketini elan edəcək. Bu paket CoreWeave-nin təşəbbüsü ilə birlikdə ABŞ-də rəqəmsal texnologiyalar sahəsində sürətli irəliləyişin bir hissəsi kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az