Az | EN

Discord IPO-ya hazırlaşır

Cəmil Hüseynzadə
08 Yanvar 2026 13:00
70 baxış
Discord IPO-ya hazırlaşır

Discord səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) üçün sənədləri məxfi şəkildə təqdim edib. Bildirilir ki, proseslə bağlı müzakirələr hələ də davam edir və şirkət yekunda birjaya çıxmaqdan imtina da edə bilər.

Discord nümayəndələri mümkün IPO ilə bağlı şərh verməkdən imtina edərək yalnız istifadəçi təcrübəsinə və dayanıqlı biznes qurmağa fokuslandıqlarını bildiriblər. Prosesdə adı hallanan Goldman Sachs və JPMorgan investisiya bankları da məsələni şərh etməyib.

Bloomberg hələ mart ayında Discord-un IPO məsələsini Goldman Sachs və JPMorgan ilə müzakirə etdiyini yazmışdı. Bu barədə The New York Times və Financial Times da məlumat yayıb. Financial Times-ın qeyd etdiyi kimi, Discord birjaya çıxmağı hələ 2021-ci ildə nəzərdən keçirsə də, bazarlardakı qeyri-sabitlik səbəbindən bu plandan imtina edib. 2026-cı ildə isə faiz dərəcələrinin azalması və ABŞ-da texnoloji sektora daha əlverişli siyasət fonunda şərait dəyişmiş ola bilər.

Discord 2015-ci ildə oyunçular üçün platforma kimi yaradılıb, lakin zamanla oyun auditoriyasından kənara çıxıb. Şirkətin məlumatına görə, 2025-ci ildə aylıq aktiv istifadəçi sayı 200 milyonu keçib.

Qeyd edək ki, Discord 2024-cü ilin oktyabrında Rusiyada Roskomnadzor tərəfindən “qanunvericiliyin pozulması və qanunsuz məzmunun yerləşdirilməsi” səbəbilə bloklanıb.

© copyright 2022 | tech.az | info@tech.az