“Qlobal statistikalara diqqət etsək, görərik ki, 2024-cü ilin yalnız ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40%-dən çoxu kritik infrastruktur sistemlərinə qarşı olub. Bu tendensiya göstərir ki, hər bir zəiflik strateji riskə çevrilə bilər. Ölkəmiz də bu qlobal proseslərin təsirindən kənarda deyil. Biz dövlət informasiya ehtiyatlarında təhlükəsizlik insidentlərinin səbəblərini təhlil edirkən görürük ki, əsas problemlərdən biri hələ də məlumatların sızmasıdır”.
Tech.az xəbər ki, bu fikirləri “Dövlət qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısı”nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini general-mayor Allahverən İsmayılov deyib.
O bildirib ki, bu, yalnız texniki boşluqlardan deyil, həm də idarəetmə proseslərindəki zəifliklərdən qaynaqlanır:
“Təhlükəsizlik mədəniyyətinin hər bir dövlət qurumunda formalaşması, mütəmadi risk qiymətləndirmələrinin aparılması bu baxımdan həyati əhəmiyyət daşıyır.
Sevindirici haldır ki, artıq ölkəmizdə də beynəlxalq təcrübəyə uyğun olaraq ilk dəfə “Bug Bounty” (Baq Baunti) proqramı həyata keçirildi. Bu, dövlət qurumlarımızın açıq və əməkdaşlığa əsaslanan yanaşmaya keçid etdiyini göstərir. Belə təşəbbüs dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsidir. Çünki müasir dünyada kibertəhlükəsizlik yalnız qapalı sistemlərin müdafiəsi deyil, həm də ekspert icmaları ilə əməkdaşlıq deməkdir”.
Rəis müavini əlavə edib ki, hakerlər, sadəcə, informasiya sistemlərini deyil, eləcə də vətəndaşları hədəf alır və onların fərdi məlumatlarından, əsasən, maliyyə dələduzluğu əməliyyatlarında istifadə edirlər:
“Belə ki, Daxili İşlər Nazirliyinin açıqlamasında 2025-ci ilin ilk dörd ayı ərzində hakerlərin vətəndaşlardan kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarının altı milyondan çox olduğu bildirilib. Xidmət tərəfindən aparılan monitorinqlər nəticəsində 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6 164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin qurbanına çevrildiyi müəyyən edilib”
Mənbə: Oxu.az