“OpenAI” şirkətinin tədqiqatçısı Mostafa Rohaninejad, Bakıda keçirilən 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalında tələbələrlə bir araya gəlməkdən çox məmnun qaldığını bildirib.
Müsahibəsində o qeyd edib ki, bu tədbirə çox ağıllı tələbələr, o cümlədən, dünyanın müxtəlif yerlərindən gələn “OpenAI” beynəlxalq iştirakçıları qatılıb.
“Biz Azərbaycandan olan ən istedadlı tələbələri də işə cəlb etməyə çalışırıq, çünki onlar dünyada ən bacarıqlı gənclər arasında yer alırlar. Ümid edirik ki, onlardan bəziləri gələcəkdə təcrübə proqramlarımıza və ya tam ştatlı iş imkanlarına qoşulacaq. Bəlkə də, sonra öz şirkətlərini burada quraraq yerli ekosistemin inkişafına töhfə verəcəklər”, — deyə Mostafa Rohaninejad vurğulayıb.
Tədqiqatçı, müxtəlif millət və mədəniyyətlərdən olan tələbələrin ABŞ-də işləyərək bacarıqlarını inkişaf etdirməsini, daha sonra öz ölkələrinə qayıdıb orada texnologiya ekosistemini gücləndirməsini çox müsbət bir proses adlandırıb.
“OpenAI” üçün ən vacib hədəflərdən birinin ən ağıllı və bacarıqlı tələbələri şirkətə cəlb etmək olduğunu bildirən Mostafa Rohaninejad, işləyərək öyrənməyin ən effektiv təhsil metodlarından biri olduğunu vurğulayıb.
Enerji məsələlərinə toxunan Rohaninejad, şirkətin günəş, külək və nüvə enerjisi kimi bərpa olunan enerji texnologiyalarına ciddi sərmayə qoyduğunu qeyd edib.
“Biz milyonlarla qrafik prosessor (GPU) qurmağı planlaşdırırıq ki, bu da qiqavatlarla enerji tələb edir. Bu səbəbdən, yeni günəş və nüvə texnologiyaları üzərində çalışan şirkətlərlə əməkdaşlıq etməyə çalışırıq. Şirkətimizin qurucusu Sem Altman nüvə birləşməsinə də böyük sərmayələr yatırır”, — o deyib.
Sonda tədqiqatçı Azərbaycanda bərpa olunan enerji sektoru barədə dərin məlumatının olmadığını, lakin bu sahədə çalışan yerli şirkətlərin süni intellekt texnologiyalarından istifadə edə biləcəyinə əminliyini bildirərək fikirlərini yekunlaşdırıb.
Mənbə:Banker.az