Az | EN

Dream Games Türkiyənin ən böyük vergiödəyiciləri siyahısına daxil olub

Nigar Sultanli
25 Avqust 2025 13:19
49 baxış
Dream Games Türkiyənin ən böyük vergiödəyiciləri siyahısına daxil olub

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi 2024-cü ilin ən iri korporativ vergiödəyicilərinin siyahısını açıqlayıb. Siyahıya bu dəfə mobil oyun nəhəngi Dream Games də daxil olub. İstanbul mərkəzli startap 18-ci yerdə qərarlaşıb və dövlət büdcəsinə 4 milyard lirə (təxminən 100 milyon dollar) həcmində korporativ vergi ödəyib.

Beləliklə, Dream Games retail və bank sektorunun nəhəngləri – LC Waikiki, BİM və QNB Bank ilə eyni sırada yer alaraq, ölkənin maliyyə elitasına qoşulub.

2019-cu ildə Soner Aydemir (CEO), İkbal Namlı, Hakan Sağlam, Eren Şengül və Serdar Yılmaz tərəfindən təsis olunan startap, cəmi beş ildə qlobal uğura imza atıb. Şirkətin “Royal Match” və “Royal Kingdom” kimi oyunları dünya üzrə yüz milyonlarla yükləmə toplayıb. Ümumilikdə Dream Games-in oyunları indiyədək 447 milyon dəfə quraşdırılıb.

Startap bu müddətdə yüzlərlə yeni iş yeri yaradıb, sosial təminat ödənişlərinə milyonlarla lirə vəsait köçürüb və beynəlxalq investorları ölkəyə cəlb edib. Qeyd edək ki, Dream Games bu il Avropanın ən iri investisiya fondlarından biri olan CVC-dən də maliyyə dəstəyi alıb.

Maraqlı məqam odur ki, Dream Games texnoparkların təqdim etdiyi vergi güzəştlərindən istifadə etməyib. Buna baxmayaraq, ödədiyi yüksək vergi məbləği onun real iqtisadi təsir gücünü göstərir.

Ekspertlərin fikrincə, Dream Games-in bu siyahıya daxil olması Türkiyənin texnologiya ekosistemi üçün dönüş nöqtəsidir. Ənənəvi olaraq bank və enerji şirkətlərinin üstünlük təşkil etdiyi siyahıda yeganə “təmiz texnologiya şirkəti” kimi yer alan Dream Games göstərir ki, mobil oyun sənayesi təkcə beynəlxalq uğur deyil, həm də ölkə daxilində ciddi iqtisadi fayda yarada bilir.

Nazirliyin məlumatına görə, siyahının ilk 20-likdəki şirkətləri ümumilikdə 144,9 milyard lirə vergi ödəyib. Dream Games isə bu məbləğin təxminən 3%-ni təkbaşına təmin edib.

Beləliklə, Dream Games artıq sadəcə “uğurlu startap” deyil, Türkiyə iqtisadiyyatının aparıcı oyunçularından birinə çevrilib.

© copyright 2022 | tech.az | info@tech.az