ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) Neuralink şirkətinə LINK adlı klinik tədqiqatı başlamaq üçün icazə verib. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Bu, ABŞ-da implantasiya edilə bilən neyrointerfeys texnologiyası üzrə ilk əsas klinik sınaq olacaq. Əvvəlki tədqiqatlardan fərqli olaraq, yeni mərhələdə cihazın insanların gündəlik həyatında nə dərəcədə faydalı olduğu qiymətləndiriləcək. FDA-nın icazəsi implantın kütləvi istifadəsi üçün təsdiqləndiyi demək deyil. Sınaqların nəticələrinə əsasən, tənzimləyici qurum cihazın bazara çıxarılmasına icazə verilib-verilməyəcəyinə qərar verəcək.
Tədqiqatda amiotrofik lateral skleroz (ALS) səbəbindən ağır iflic keçirən insanlar iştirak edəcək. Bu xəstəlik zamanı hərəkətə cavabdeh olan neyronlar tədricən məhv olur. Alimlər implantın uzunmüddətli təhlükəsizliyini və etibarlılığını, eləcə də pasiyentlərin düşüncə gücü ilə kompüter və digər cihazları nə dərəcədə idarə edə bildiyini yoxlayacaqlar. İştirakçılar üçün qeydiyyat artıq açılıb.
Neuralink-in sikkə ölçüsündə olan implantı kəllə sümüyündə açılan dəliyə yerləşdirilir. Cihazdan beyinə saç teli qədər nazik, elektrodlarla təchiz olunmuş tellər uzanır. Bu elektrodlar əlin hərəkəti ilə əlaqəli neyron siqnallarını oxuyur və kompüterə ötürür.
Neuralink bundan əvvəl ABŞ, Kanada və Böyük Britaniyada ilkin sınaqlar keçirib. 30-dan çox insan implant əldə edib. Onlar bu texnologiyadan istifadə edərək təhsil alır, videooyunlar oynayır və yaxınları ilə ünsiyyət qururlar. İlk pasiyentin cihazında texniki problemlər yaranmışdı, ikinci pasiyent isə onun köməyi ilə Counter-Strike 2 oynaya bilmişdi.
Neuralink bu sahədə rəqiblərlə də qarşılaşır. ABŞ-ın Paradromics şirkəti oxşar implant hazırlayır. Synchron isə kəllə sümüyünü açmadan, vidaci vena vasitəsilə yerləşdirilən sensor üzərində işləyir. Bununla belə, Synchron-un ilkin sınaqları cihazın işləməsi ilə bağlı problemlərə görə bu yaxınlarda dayandırılıb.
