Amerikanın məşhur fotoagentliyi Getty Images və böyük fotobanklardan biri olan Shutterstock-un birləşməsi müzakirə olunur. Bu barədə Bloomberg mənbələri məlumat yayıb.
Mənbələrin məlumatına görə, Getty Images şirkəti iki qurumun birləşməsini nəzərdən keçirir. Ancaq razılaşmanın şərtləri hələlik məlum deyil. Bildirilir ki, Getty Images hələ qərar verməyib və razılaşmanın baş tutmaması ehtimalı da mövcuddur. Hər iki şirkət məsələyə dair sorğulara cavab verməyib.
Müzakirələr, son dövrlərdə foto, video və digər media məzmununa olan tələbatın artdığı bir vaxtda keçirilir. İstifadəçilərin daha çox vaxtını internetdə keçirməsi bu artımın əsas səbəbi olaraq göstərilir.
1995-ci ildə qurulan Getty Images, dünyanın ən böyük şəkil bazalarından birinə sahib olan Amerika fotoagentliyidir. Shutterstock isə digər böyük Amerika fotobanklarından biridir. Qeyd edək ki, Getty Images 2021-ci ildə Unsplash adlı pulsuz stok şəkilləri platformasını satın almışdı.