Az | EN

Google Gmail üçün süni intellekt funksiyalarınıistifadəçilər üçün əlçatan edib

Cəmil Hüseynzadə
09 Yanvar 2026 10:45
48 baxış
Google Gmail üçün süni intellekt funksiyalarınıistifadəçilər üçün əlçatan edib

Google Gmail elektron poçt xidməti üçün süni intellektə (Sİ) əsaslanan yeni funksiyaları bütün istifadəçilər üçün təqdim etdiyini açıqlayıb. Bu barədə şirkət rəsmi bloqunda məlumat verib.

Yeni yeniliklər çərçivəsində Gmail-də məktubların xronoloji siyahısı əvəzinə, istifadəçinin maraqlarına uyğun süni intellekt xülasəsi göstəriləcək. Bu xülasə vacib mövzuların qısa icmalını təqdim edəcək. Məsələn, sistem stomatoloq qəbulunu təxirə salmağı, məşqçiyə cavab verməyi və ya idman turnirində iştirak haqqını ödəməyi təklif edə bilər.

Bu funksiyalar bütün istifadəçilər üçün pulsuz olacaq. “AI Inbox” (Sİ-gələnlər qutusu) funksiyası ilkin mərhələdə ABŞ-da yalnız brauzer üzərindən “etibarlı test istifadəçiləri” üçün əlçatan olacaq. Daha sonra isə adi istifadəçilər üçün də (ödənişli abunə olmadan) istifadəyə veriləcək və dəstəklənən dillər ilə regionların siyahısı genişləndiriləcək.

Bundan əlavə, Gmail-dən pulsuz istifadə edənlər süni intellektlə yaradılan cavab tövsiyələri, mesaj zəncirlərinin xülasələri və məktub yazmağa kömək edən “Help Me Write” alətinə çıxış əldə edəcəklər. Qeyd edək ki, bu funksiyalar daha əvvəl yalnız ödənişli abunəçilər üçün mövcud idi.

Google AI Pro və Google AI Ultra abunəçiləri üçün isə əlavə imkanlar təqdim olunacaq. Bunlara Gemini vasitəsilə orfoqrafiya yoxlanışı və poçt daxilində axtarış funksiyası daxildir. Məsələn, istifadəçi “Keçən il hamamımı təmir edən santexnik kim idi?” sualını verərək, süni intellektin məktublar arasından uyğun əlaqəni tapmasını təmin edə biləcək.

Google bildirib ki, süni intellekt funksiyalarını istənilən vaxt deaktiv etmək mümkündür və Gmail məzmunu şirkətin modellərinin öyrədilməsi üçün istifadə edilmir.

© copyright 2022 | tech.az | info@tech.az