"Drop Site News" saytının yaydığı məlumata görə, Google İsrail Baş naziri Binyamin Netanyahu-nun ofisi ilə altı aylıq, 45 milyon dollarlıq müqavilə imzalayıb. Müqavilənin məqsədi hökumətin mesajlarını təbliğ etmək və Qəzzadakı humanitar böhranı önəmsiz göstərməkdir.
İyunun sonunda imzalanan sənəddə Google, Netanyahunun ictimai əlaqələr strategiyasını dəstəkləmək üçün "əsas subyekt" kimi təsvir edilir.
Bu təbliğat kampaniyası, İsrailin martın 2-də Qəzzaya ərzaq, dərman, yanacaq və digər humanitar ləvazimatların girişini dayandırmasından bir neçə gün sonra başlayıb. Həmin vaxt İsrail ordusunun sözçüsü rəqəmsal kampaniya vasitəsilə "Qəzzada aclığın olmadığını və bununla bağlı məlumatların təqdim olunacağını" bildirmişdi.
O vaxtdan bəri, Qəzzada aclığın olmadığını iddia edən hökumət reklamları geniş yayılıb. Məsələn, İsrail Xarici İşlər Nazirliyinin YouTube-da yayımladığı videoda "Qəzzada qida var. Digər bütün iddialar yalandır" deyilirdi. Bu video ödənişli reklamlar vasitəsilə 6 milyondan çox baxış toplayıb.
Hesabata əsasən, bu reklamlar YouTube və Google-un Display & Video 360 platforması vasitəsilə idarə olunur və hökumət sənədlərində "hasbara" — yəni "təbliğat" kimi xarakterizə edilir. Sənədlər, İsrailin ABŞ-ın "X" sosial media platformasında 3 milyon dollar, Fransa-İsrail platforması olan Outbrain/Teads-da isə 2.1 milyon dollar xərclədiyini göstərir.
Qəzza Səhiyyə Nazirliyi çərşənbə axşamı verdiyi məlumatda, avqust ayında 12-si uşaq olmaqla 185 nəfərin aclıqdan öldüyünü açıqlayıb. Bu, İsrailin Qəzzaya iki il əvvəl başladığı müharibədən bəri qeydə alınan ən yüksək aylıq göstəricidir. Məlumatda, bu ölümlərin 70-nin BMT tərəfindən dəstəklənən aclıq monitorinq sistemi olan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) Qəzzanı rəsmi olaraq aclıq zonası elan etdikdən sonra baş verdiyi bildirilir.
Səhiyyə rəsmiləri 5 yaşdan kiçik 43 mindən çox uşağın və 55 min hamilə və süd verən qadının qidalanma çatışmazlığından əziyyət çəkdiyini qeyd ediblər.