Az | EN

Google NotebookLM-də "Video İcmalı" funksiyası istifadəyə verildi

Nigar Sultanli
30 İyul 2025 10:36
158 baxış
Google NotebookLM-də "Video İcmalı" funksiyası istifadəyə verildi

Google süni intellektlə işləyən NotebookLM proqramına yeni Video İcmalı funksiyasını əlavə edib. Bu funksiya istifadəçilərə qeydlərini, PDF fayllarını və şəkillərini video şəklində təqdim etməyə imkan verir ki, mövzuları daha asan və başa düşülən şəkildə anlaya bilsinlər.

Əvvəllər NotebookLM-də Audio İcmalı funksiyası vardı. Bu funksiya sənədlərdən süni intellektlə hazırlanmış səsli podkastlar yaratmağa kömək edirdi.

Yeni Video İcmalı funksiyası isə mövzuları şəkillər, diaqramlar və rəqəmlərlə vizual şəkildə izah edir. Bu da məlumatları daha yaxşı anlamağa və mürəkkəb mövzuları sadələşdirməyə yardım edir.

İstifadəçilər videoda hansı mövzulara diqqət yetiriləcəyini, öyrənmək istədikləri əsas məqamları və təqdimatın kimlər üçün hazırlandığını göstərə bilərlər. Məsələn, belə suallar verə bilərlər: “Bu mövzunu heç bilmirəm, diaqramları mənə izah et,” yaxud “Mən X sahəsində təcrübəliyəm, komandam Y üzərində işləyir, zəhmət olmasa Z mövzusuna diqqət yetir.”

Hazırda Video İcmalı yalnız ingilis dilində mövcuddur, lakin yaxın vaxtlarda digər dillər üçün də dəstək əlavə olunacaq.

Bundan başqa, NotebookLM-in Studio panelində də yeniliklər edilib. İndi istifadəçilər eyni növ işlərdən bir neçəsini yaradıb saxlaya bilirlər. Studio panelinin üstündə dörd seçim var — Audio İcmalı, Video İcmalı və Hesabatlar və hər birini sadəcə bir kliklə yaratmaq mümkündür.

İstifadəçilər həmçinin Studio panelində eyni anda bir neçə işi görə bilərlər. Məsələn, Audio İcmalı dinləyərkən, eyni vaxtda Zehn Xəritəsini araşdıra və ya Tədris Bələdçisini oxuya bilərlər.

Bu yeniliklər NotebookLM istifadəçilərinə məlumatları daha rahat anlamaq və paylaşmaqda kömək edəcək.

© copyright 2022 | tech.az | info@tech.az