2023-cü ildə Türkiyədə baş verən güclü zəlzələ zamanı Google-un Android Zəlzələ Xəbərdarlıq Sistemi (Android Earthquake Alerts) 10 milyondan çox insanı zəlzələnin gücü barədə vaxtında xəbərdar edə bilməyib.
Google-un sistemi zəlzələnin episentrdən təxminən 160 kilometr radiusda olan insanlara ən ciddi “Tədbir Gör” xəbərdarlığını göndərməli idi. Bu xəbərdarlıq insanlara 30-35 saniyə əvvəl xəbərdarlıq verərək, təhlükəsizliyini təmin etmək imkanı yaradır. Lakin hadisə zamanı yalnız 469 nəfərə bu ciddi xəbərdarlıq göndərilib. Digər yarım milyona yaxın insan isə daha aşağı səviyyəli, “Diqqətli Ol” xəbərdarlığı alıb. Bu xəbərdarlıq telefonun səssiz rejimini pozmur və elə diqqət çəkmir.
Google əvvəllər bu sistemin “yaxşı işlədiyini” bildirsə də, BBC-nin araşdırması sistemin zəlzələnin gücünü ciddi şəkildə az qiymətləndirdiyini göstərib. İlk zəlzələdə sistem titrəməni 4.5-4.9 bal olaraq göstərərkən, əslində bu rəqəm 7.8 bal olub. İkinci zəlzələdə də sistem yenə zəlzələnin gücünü az qiymətləndirib və cəmi bir neçə min istifadəçiyə ciddi xəbərdarlıq göndərib.
Zəlzələdən sonra Google sistemin işini təkmilləşdirərək, belə bir ssenari yaratdı ki, eyni şiddətli zəlzələdə 10 milyon nəfərə ciddi xəbərdarlıq göndərilsin, 67 milyon nəfərə isə “Diqqətli Ol” xəbərdarlığı verilsin.
Mütəxəssislər bildirirlər ki, böyük zəlzələlərin vaxtında aşkarlanması və xəbərdarlıq verilməsi çox çətin məsələdir. Lakin Google-un bu məlumatları gec açıqlaması tənqid olunub. Məsələn, Kolorado Mədən Məktəbinin professoru Elizabeth Reddy deyir: “Minlərlə insan həyatını itirdi, amma sistemin zəif işləməsi barədə məlumat almaq üçün iki il gözləmək çox üzücüdür.”
Google bildirir ki, bu sistem milli xəbərdarlıq sistemlərinin yerinə deyil, əlavə təhlükəsizlik üçün yaradılıb. Lakin bəzi ekspertlər narahatdır ki, ölkələr Google-un sisteminə çox güvənir, amma sistem hələ tam sınanmayıb.
Google-un xəbərdarlıq sistemi hazırda 98 ölkədə fəaliyyət göstərir. BBC 2025-ci ildə Mianmarda baş vermiş zəlzələ zamanı bu sistemin necə işləməsi barədə Google-dan açıqlama istəyib, amma hələ cavab ala bilməyib.