Google-un yeni video istehsalı modeli “Veo 3” artıq 159-dan çox ölkədə, o cümlədən Azərbaycanda da istifadəyə verilib. Bu model yalnız Google AI Pro planına abunə olan ödənişli istifadəçilər üçün açıqdır və gündə maksimum 3 video yaratmağa imkan verir.
“Veo 3” istifadəçilərə mətn vasitəsilə video hazırlamaq, ona musiqi, səslər, fon effektləri və dialoqlar əlavə etmək imkanı verir. Model əvvəlcə ABŞ-də yalnız Google AI Ultra abunəçilərinə təqdim olunmuşdu, indi isə qlobal olaraq əlçatan olub.
Google-un vitse-prezidenti Josh Woodward yaxın vaxtlarda “Veo 3” modelinin vizualardan video yaratma funksiyasını da dəstəkləyəcəyini bildirib.
Google DeepMind-in CEO-su Demis Hassabis isə modelin video istehsalında “susqun dövrdən çıxış” olduğunu qeyd edib və istifadəçilərin personajları, mühitləri təsvir edən komandalar verə, dialoqların səslənmə tərzini göstərə biləcəyini vurğulayıb.
Bu yenilik süni intellekt texnologiyalarının video istehsalında inkişafında böyük addımdır və yaradıcı işlərin sürətini, keyfiyyətini artırmaq üçün geniş imkanlar yaradır.