Hollandiya istehlakçı hüquqlarını müdafiə edən Massaschade & Consument fondu Sony şirkətini məhkəməyə verib. Səbəb isə PlayStation Store-da rəqəmsal oyunların qiymətinin çox baha olmasıdır. Fondun iddiasına görə, Sony rəqəmsal oyunları 50% daha baha satır, halbuki fiziki disk şəklində alınan eyni oyunlar daha ucuzdur.
Bu bahalıq nə üçün yaranır? Çünki PlayStation oyunlarının rəqəmsal versiyalarını yalnız Sony-nin öz mağazasından – PS Store-dan almaq mümkündür. Başqa seçim olmadığından, Sony istədiyi qiyməti təyin edir və oyunçular da buna məcbur qalır. Fond bu əlavə ödənişi "Sony vergisi" adlandırır.
İddia 3 milyon PlayStation istifadəçisinin adından qaldırılıb. Əgər məhkəmə Sony-nin əleyhinə qərar versə, oyunçulara 20-25% kompensasiya ödənəcək. Fond Hollandiya oyunçularını da məhkəmə prosesinə qoşulmağa çağırır.
Qeyd edək ki, Sony-yə qarşı oxşar məhkəmə iddiaları əvvəllər də olub. 2021-ci ildə ABŞ-da oyunçular Sony-yə qarşı iddia qaldırmışdı, lakin məhkəmə Sony-nin xeyrinə qərar vermişdi. 2023-cü ildə Böyük Britaniyada da eyni səbəblə məhkəmə işi açılıb və hələ də davam edir.