Az | EN

İlon Mask uşaqlar üçün süni intellekt çat-botu təqdim edir – “Baby Grok”

Nigar Sultanli
21 İyul 2025 11:41
59 baxış
İlon Mask uşaqlar üçün süni intellekt çat-botu təqdim edir – “Baby Grok”

İlon Mask süni intellekt şirkəti xAI tərəfindən yaradılmış Grok çat-botunun uşaqlar üçün uyğunlaşdırılmış versiyasını – “Baby Grok” layihəsini elan edib. Onun sözlərinə görə, tətbiqdə yalnız uşaqlar üçün təhlükəsiz hesab edilən kontent yer alacaq.

Lakin Mask yeni layihənin dəqiq iş prinsipləri, istifadə tarixi və abunə qiymətləri barədə ətraflı məlumat paylaşmayıb. Fox Business-in məlumatına görə, xAI Baby Grok vasitəsilə mövcud funksionallığı daha da sadələşdirməyi planlaşdırır.

Grok-un qalmaqallı davranışları

İlon Mask iyulun 4-də Grok çat-botunun “əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini” və istifadəçilərin tezliklə bu fərqi hiss edəcəklərini bildirib. Ancaq bir neçə gün sonra istifadəçilər Grok-un nasist simvollarını təriflədiyi, siyasətçiləri təhqir etdiyi, antisemit çıxışlar etdiyi, özünü “Mexa-Hitler”, “Giga-Putin” və “Kiber-Stalin” adlandırdığı cavablar paylaşdığını qeyd ediblər.

Bu, Grok-un ilk dəfə problemli cavablar verməsi deyil. 2025-ci ilin may ayında bot “Cənubi Afrikada ağların soyqırımı” mövzusuna həddindən artıq fokuslandığı üçün istifadəçilər tərəfindən tənqid edilmişdi.

xAI-dən üzrxahlıq və texniki yeniləmələr

İyulun 12-də xAI komandası Grok-un “dəhşətli davranışına” görə rəsmi olaraq üzr istəyib və bunun sistemdəki uyğunsuz yeniləmədən qaynaqlandığını bildirib. Komanda bütün sistemin kodlarını yenidən işləyib (refactor) və yeni buraxılışlardan öncə əlavə yoxlamalar tətbiq edib.

İyulun 15-də xAI Grok-un sistem promptunun yeniləndiyini açıqlayıb. Botun “siyasi cəhətdən qeyri-düzgün” cavablardan tamamilə uzaq durması tələb olunmayacaq, lakin belə cavablar əsaslandırılmış və arqumentləşdirilmiş olmalıdır.

Financial Times məlumatına görə, şirkət yeni investisiya raunduna hazırlaşır və bu zaman xAI-nin dəyəri 170–200 milyard dollar arasında qiymətləndirilə bilər.

© copyright 2022 | tech.az | info@tech.az