Az | EN

Instagram aylıq aktiv istifadəçi sayının 3 milyarda çatdığını açıqladı

Nigar Sultanli
25 Sentyabr 2025 12:08
304 baxış
Instagram aylıq aktiv istifadəçi sayının 3 milyarda çatdığını açıqladı

Instagram, aylıq aktiv istifadəçi sayının 3 milyard səviyyəsinə çatdığını bəyan edib. Bu barədə Mark Zukerberq məlumat verib. Qeyd edək ki, sosial şəbəkə 2018-ci ildə 1 milyard aktiv istifadəçi hədəfinə çatmışdı.

CNBC-nin 2021-ci ildə əldə etdiyi məlumatlara görə, Instagram-ın aylıq aktiv istifadəçi sayı 2 milyardı keçmişdi. Şirkət bu müddət ərzində auditoriya məlumatlarını ictimaiyyətə açıqlamamışdı.

Hazırda 3 milyardlıq göstəriciyə Threads istifadəçilərinin daxil olub-olmadığı isə hələlik bəlli deyil. X (əvvəlki Twitter) platformasının analoqu kimi 2023-cü ildə istifadəyə verilən Threads, qeydiyyat üçün Instagram hesabına sahib olmağı tələb edir. 2025-ci ilin avqust ayında Zukerberqin verdiyi hesabatda Threads-ın aylıq 400 milyon aktiv istifadəçiyə malik olduğu bildirilmişdi.

Instagram-ın rəhbəri Adam Mosseri, son illərdəki “demək olar ki, bütün böyümənin” şəxsi mesajlaşma funksiyası, Reels və tövsiyələr vasitəsilə əldə edildiyini qeyd edib. Bu səbəbdən sosial şəbəkə gələcəkdə də bu istiqamətlərə diqqət yetirməyi planlaşdırır. Məsələn, yaxın aylarda Reels-dəki tövsiyə alqoritmini istifadəçilərin özləri tərəfindən tənzimləməyə imkan verən bir funksiyanın sınaqdan keçirilməsi gözlənilir.

Meta (o zamankı Facebook), Instagram-ı 2012-ci ildə 1 milyard dollara satın almışdı. 2025-ci ilin yazında ABŞ məhkəməsində şirkətə qarşı perspektivli rəqibləri satın alması ilə bağlı iddia irəli sürülüb. Tənzimləyici orqan şirkətin restrukturizasiyasını və ya Instagram və WhatsApp platformalarının satışını tələb edir.

© copyright 2022 | tech.az | info@tech.az