Az | EN

Instagram süni intellekt vasitəsilə fərdi filtrlər yaratmağa başlayıb

Cəmil Hüseynzadə
11 Noyabr 2026 11:18
16 baxış
Instagram süni intellekt vasitəsilə fərdi filtrlər yaratmağa başlayıb

Keçən həftə Edits tətbiqini macOS platformasına təqdim edən Instagram bu dəfə “Hekayələr” üçün süni intellekt vasitəsilə fərdi filtrlər yaratmağa imkan verən Effect Builder alətini istifadəyə verib. Hazırda yalnız ABŞ-da yaşayan 18 yaşdan yuxarı istifadəçilər üçün əlçatan olan alət istifadəçilərə çatbot vasitəsilə filtr ideyalarını təsvir etmək və nümunə şəkillər əlavə etməklə istədikləri effekti yaratmaq imkanı verir.

İstifadəçilər süni intellekt tərəfindən yaradılan effektləri əvvəlcədən görmək üçün öz fotolarını yükləyə, əlavə göstərişlər verərək nəticədə dəyişikliklər edə bilərlər. Alətdə Instagram-ın süni intellektinin ilkin sorğunu yenidən formalaşdırmasına imkan verən seçim də mövcuddur.

Məsələn, “Fotoları komiks səhifələrinə çevirən filtr yarat” kimi qısa göstəriş süni intellekt tərəfindən rəng palitrası və işıqlandırma kimi detalları əhatə edən daha geniş təsvirə çevrilə bilər. Bildirilir ki, bu proses nəticəsində yaradılan filtr bəzən ilkin qısa sorğu əsasında əldə edilən nəticəyə demək olar ki, tamamilə bənzəyir.

Hazırlanan filtrləri birbaşa Effect Builder vasitəsilə Instagram-a göndərmək mümkündür. Lakin digər istifadəçilərin həmin effektlərdən yararlana bilməsi üçün onlar əvvəlcə təhlükəsizlik yoxlamasından keçməlidir.

Instagram-ın açıqlamasına görə, təsdiqlənən effektlər hər kəsin istifadə edə bilməsi üçün Hekayələr bölməsində əlçatan olacaq. Həmçinin kimsə yaradılmış filtrdən istifadə etdikdə, digər istifadəçilərin də onu asanlıqla tapa bilməsi üçün filtrin müəllifinin profilinə keçid göstəriləcək.

© copyright 2022 | tech.az | info@tech.az