Türkiyədə pilotsuz uçuş aparatları (PUA) üçün “drone magistralları” kimi tanınan xüsusi hava dəhlizlərinin hüquqi və texniki infrastrukturu formalaşdırılır. Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
Nazirin sözlərinə görə, Mülki Aviasiya Baş İdarəsinin (SHGM) 30 iyul 2026-cı ildə yayımladığı İnsansız Hava Vasitələri Sistemləri Təlimatı (SHT-İHA) çərçivəsində PUA-ların uzun məsafəli, operatorun birbaşa görmə xəttindən kənarda və avtonom uçuşlarını müəyyən edilmiş hava dəhlizlərində həyata keçirməsinə imkan verən hüquqi çərçivə yaradılıb.
Uraloğlu bildirib ki, bununla da səmada rəqəmsal şəkildə müəyyən edilmiş hava yolları yaradılacaq. PUA-lar bu marşrutlar üzrə təhlükəsiz və nəzarətli şəkildə hərəkət edə biləcək. Nazir bu sistemin avtomobil yollarından asılı olmayan yeni nəqliyyat imkanları yaradacağını vurğulayıb.
“Drone magistralları” kimi tanınan PUA dəhlizləri SHGM tərəfindən müvafiq qurum və təşkilatlarla koordinasiya şəklində yaradılacaq. Dəhlizlərin sərhədləri, giriş-çıxış nöqtələri, uçuş istiqamətləri, tutumu və hava vasitələri arasında minimum məsafə tələbləri rəqəmsal mühitdə müəyyənləşdiriləcək.
Bu məlumatlar Mülki Aviasiya Baş İdarəsinin mərkəzləşdirilmiş rəqəmsal platforması olan İnsansız Hava Vasitələrinin İzlənməsi və Hərəkətinin İdarə Edilməsi Sistemi (İHATTYS) vasitəsilə yayımlanacaq. PUA-ların proqram təminatı həmin məlumatları birbaşa oxuya və uçuşları müəyyən edilmiş qaydalar əsasında həyata keçirə biləcək. Dəhlizlər qadağan olunmuş, məhdudlaşdırılmış və təhlükəli zonalardan, eləcə də NOTAM bildirişi yayımlanan ərazilərdən kənarda planlaşdırılacaq.
Uraloğlunun sözlərinə görə, marşrutlar süni intellektin köməyi ilə müəyyən ediləcək. Avtonom uçuşların istiqamətləri ən qısa yol və faza fərqi prinsipləri nəzərə alınmaqla hesablanacaq, uçuşlara nəzarət isə İHATTYS üzərindən həyata keçiriləcək.
Zərurət yarandıqda uçuş sərhədləri daraldıla, marşrut dəyişdirilə, aparatın enişi təmin edilə və ya uçuş tamamilə dayandırıla biləcək. Rabitə əlaqəsi kəsildiyi halda isə PUA-lar yaşayış məntəqələrinin üzərindən keçmədən əvvəlcədən müəyyən edilmiş ehtiyat eniş sahələrinə yönləndiriləcək.
Nazir yeni sistemin xüsusilə logistika və səhiyyə sahələrində geniş istifadə imkanları yaradacağını bildirib. PUA-lardan şəhərlərarası yük daşımalarında, logistika və paylama mərkəzləri arasında müntəzəm avtonom reyslərdə istifadə etmək mümkün olacaq.
Bundan başqa, xəstəxanalar arasında qan, dərman, vaksin və tibbi nümunələrin daşınması, adalara və qış aylarında nəqliyyatın çətinləşdiyi yaşayış məntəqələrinə təchizatın çatdırılması nəzərdə tutulur. Sənaye zonaları, fabriklər və limanlar arasında ehtiyat hissələrinin daşınması da mümkün olacaq.
Dəhlizlərdən enerji və boru kəmərlərinin, dəmir yollarının və avtomobil yollarının uzun məsafəli monitorinqi üçün də istifadə edilə biləcək.
