Meta Instagramda şiddətli və qeyri-etik məzmunun çoxalmasına səbəb olan “səhvi” düzəltdiyini açıqlayıb. Şirkət bildirib ki, bu texniki problem bəzi istifadəçilərə tövsiyə olunmamalı olan paylaşımları göstərib.
Son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər Instagram-ın "Reels" bölməsində qəfil şiddət və qeyri-etik məzmunla qarşılaşdıqlarını bildiriblər. Hətta "Həssas Məzmun Nəzarəti"ni ən yüksək səviyyəyə qaldıranlar da bu paylaşımları görə biliblər.
Meta-nın qaydalarına görə, belə məzmunlar qadağandır və avtomatik sistemlər vasitəsilə silinməlidir. Amma bəzən insan haqları pozuntuları və ya müharibələr kimi mövzularda məlumatlandırıcı məzmunlar istisna olaraq yayımlana bilər. Bu problem Meta-nın yeni məzmun siyasətinə keçidi ilə üst-üstə düşüb. Şirkət artıq yalnız ağır qayda pozuntularına (terrorizm, uşaq istismarı, narkotik və s.) fokuslanaraq yüngül pozuntular üçün istifadəçi şikayətlərinə əsasən tədbir görməyi planlaşdırır.
Meta-nın bu qərarı şirkətin azad ifadəyə daha çox yer vermək və Donald Tramp ilə münasibətləri düzəltmək cəhdi kimi qiymətləndirilir.