Kanadanın ən böyük uşaq xəstəxanası SickKids kiber hücuma məruz qalıb. Hücumdan sonra xəstəxana işçilərinin sistemdən məlumat əldə etməkdə çətinlik çəkdiyi, o cümlədən, xəstəxanada diaqnostika və müalicə xidmətlərinin gecikdirildiyi bildirilib.
Maraqlı məqam isə odur ki, hadisənin gündəmə gəlməsindən sonra dünyanın məşhur xaker qruplarından biri olan LockBit üzrxahlıq bəyanatı yayaraq hücumu bir alt bölmənin onların xəbəri olmadan həyata keçirdiyini və insan sağlamlığına zərər verəcək hücumlardan qətiyyən qaçdıqlarını açıqlayıb. Daha sonra tələb olunan deşifrə açarı xəstəxanaya göndərilib və tədricən sistemlərə daxil olmaq mümkün olub.
Qeyd edək ki, LockBit partnyorları adından belə hücumları həyata keçirir və əldə olunan gəlirin 20 faizini özünə götürür. O, əvvəllər dəfələrlə xəstəxanalara hücum edib və fidyə tələb edib. Qrupun bu dəfə üzr istəməsinin səbəbi isə məlum deyil.