Keçən ilin sonlarında Qazaxıstanın e-ticarət şirkəti Kaspi tərəfindən 1,1 milyard dollara satın alınan Hepsiburada platformasında yeni kapital artımı həyata keçirilib. Satınalma prosesini bu ilin ilk rübündə tamamlayan Kaspi şirkətə 4,17 milyard TL dəyərində əlavə vəsait yatırıb. Təxminən 110 milyon dollara bərabər olan bu məbləğ noyabrın 17-də keçirilən iclasda təsdiqlənib və son illərdə Türkiyədə reallaşdırılan ən böyük kapital artımlarından biri hesab olunur.
Şirkət rəhbərliyi bəyan edib ki, əldə edilən bu yeni qaynaq Hepsiburada-nın böyümə planlarını dəstəkləmək, həmçinin platformadakı kiçik və orta sahibkarlar, eləcə də pərakəndə satıcılar üçün rəqəmsal alət və xidmətləri inkişaf etdirmək məqsədilə istifadə olunacaq.
Kaspi.kz-in qurucusu və Hepsiburada-nın İdarə Heyətinin sədri Mixail Lomtadze bu addımın Türkiyə bazarına və şirkətə olan uzunmüddətli inamın göstəricisi olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas hədəf yerli bizneslərin rəqabət qabiliyyətini artırmaqdır. Şirkət platformadakı satıcıların ən müasir texnoloji həllərə, fintek və nağdsız ödəniş sistemlərinə çıxışını təmin edərək onların əməliyyatlarını genişləndirməsinə dəstək olmağı planlaşdırır.
