Lada e-Largus-un kütləvi istehsalının başlama tarixi açıqlanıb. Rusiyanın AvtoVAZ avtomobil şirkətinin prezidenti Maksim Sokolovun açıqlamasına görə elektrik avtomobilinin istehsalına 2024-cü ilin birinci yarısında başlanacaq. Elektromobilin istehsalı İjevsk fabrikində həyata keçiriləcək. Sokolov bəyan edib ki, Lada e-Largus modeli ölkədə yüksək səviyyədə lokalizasiyaya malik yeganə elektromobildir.
AvtoVAZ 2022-ci ilin sonunda Lada e-Largus-un ilk prototipini təqdim edib. Avtomobil müştərilərə iki versiyada təklif olunacaq: biri minik avtomobili, digəri isə ticarət furqonu kimi.
İlk prototip modellər 110 kVt (150 at gücü) gücündə tək elektrik mühərriki ilə təchiz edilmişdir. Avtomobil 0-dan 100 km/saat sürəti 10 saniyədən az müddətdə yığa biləcək və onun maksimal sürəti 145 km/saat olacaq. Elektrikli avtomobilin tək sürücü ilə təxminən 400 km məsafə qət edəcəyi və 100 kq yükgötürmə qabiliyyətinə malik olacağı gözlənilir.
Lada Largus istehsalının İjevskə köçürülməsi Togliattidə ilk istehsal xəttinin yükünün yüngülləşdirilməsi planları ilə bağlıdır. Qısamüddətli perspektivdə Vesta ailəsi avtomobillərinin istehsalının artırılması, Lada Aura adlı lüks sedanın və Vesta platformasında yeni krossoverin istehsala çıxarılması planlaşdırılır.