Az | EN

MegaSec Çində keçirilən AI konfransında Azərbaycanı təmsil edib

Cəmil Hüseynzadə
13 İyul 2026 12:27
77 baxış
MegaSec Çində keçirilən AI konfransında Azərbaycanı təmsil edib

Azərbaycanın kibertəhlükəsizlik və süni intellekt sahəsində fəaliyyət göstərən MegaSec şirkəti Çinin Urumçi şəhərində keçirilən 7-ci Beynəlxalq Təbii Dil Emalı və Süni İntellekt Konfransında (NLPAI 2026) iştirak edib. Şirkət ADA Universiteti nəzdində fəaliyyət göstərən MegaSec AI & Cybersecurity Laboratory-nin gənc tədqiqatçıları ilə birlikdə tədbirdə beş elmi məqalə təqdim edib.

Tədqiqatlar aşağı resurslu dillər üçün texnologiyalar, nitqin avtomatik tanınması (Automatic Speech Recognition), bilik qrafları (Knowledge Graphs), izah edilə bilən süni intellekt (Explainable AI) və multimodal dezinformasiyanın aşkarlanması istiqamətlərini əhatə edib.

Təqdim olunan tədqiqatlardan biri Azərbaycan dili üçün avtomatik nitq tanınması texnologiyasına həsr olunub. Bu elmi işin həmmüəlliflərindən biri də MegaSec-in direktoru Qabil Qasımovdur. Onun sözlərinə görə, bu araşdırma süni intellekt sahəsində əldə olunan elmi nailiyyətlərin yerli dillər, dövlət qurumları və cəmiyyət üçün praktik həllərə çevrilməsi istiqamətində mühüm addımdır.

Qabil Qasımov layihənin ərsəyə gəlməsində əməyi olan professor Samir Rüstəmov, Cavid Hüseynov və digər akademik tərəfdaşlara təşəkkürünü ifadə edib.

Şirkət hesab edir ki, innovasiya yalnız yeni texnologiyaların hazırlanması ilə məhdudlaşmır. Elmi biliklərin inkişafına töhfə vermək və Azərbaycanın qlobal süni intellekt ekosistemində mövqeyini gücləndirmək də MegaSec-in əsas prioritetləri sırasındadır.

© copyright 2022 | tech.az | info@tech.az